BAKI, 3 fevral. TELEQRAF
Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ilə ABŞ-nin Venesuela üzrə işlər vəkili Laura Doqu Karakasda keçirilən görüşdə ikitərəfli münasibətlərin gündəliyinə dair məsələləri, həmçinin diplomatik nümayəndəliklərin açılmasını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto “Venesolana de Television” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, görüşdə əsasən enerji, iqtisadiyyat, ticarət və siyasi mövzular müzakirə olunub.
Nazir bildirib ki, tərəflər ABŞ-nin Venesuelada, Venesuelanın isə Vaşinqtonda diplomatik nümayəndəliklərinin yaradılması imkanlarını nəzərdən keçiriblər. O qeyd edib ki, Venesuela tərəfi ABŞ-dəkı diplomatik nümayəndə vəzifəsinə səfir Feliks Plasensianın təyin olunması barədə qərar qəbul edib.
İvan Hil Pinto vurğulayıb ki, Venesuela hökuməti beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə əsaslanan, sülh və qarşılıqlı hörmət şəraitində Venesuela ilə ABŞ arasında münasibətlərin inkişafına ümid edir.
Xatırladaq ki, 2019-cu ilin yanvarında Venesuela Vaşinqtonun özünü prezident elan etmiş Xuan Quaydonu tanımasından sonra ABŞ ilə diplomatik münasibətlərin kəsildiyini açıqlamışdı. Buna baxmayaraq, Vaşinqton Guaydonun administrasiyası ilə əlaqələri davam etdirdiyini bildirmiş və Kolumbiyada Venesuela üzrə müvəqqəti nümayəndəlik açmışdı. 2026-cı ilin yanvarında bu vəzifəyə Laura Doqu təyin edilib və o, yanvarın 31-də Karakasa gəlib.