EN

ÜST rəhbəri 2025-ci ili təşkilatın tarixində ən çətin illərdən biri adlandırıb

Bakı, 3 fevral, AZƏRTAC

Ötən il 1948-ci ildə təsis edilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tarixində ən çətin illərdən biri olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus təşkilatın İcraiyyə Şurasının 158-ci sessiyasının açılışında çıxışı zamanı bildirib.

O deyib: “Şübhəsiz ki, bu, təşkilatımızın tarixində ən çətin illərdən biri olub”. Baş direktor qeyd edib ki, maliyyələşdirmənin əhəmiyyətli dərəcədə azalması təşkilatı işçi heyətini ixtisar etməyə məcbur edib.

Eyni zamanda vurğulayıb ki, ÜST-ün üzləşdiyi “ciddi böhran” təşkilat daxilində daha çevik olmaq və əsas missiyasına fokuslanmaq üçün bir fürsət kimi dəyərləndirilir.

Təşkilatın rəhbəri bildirib: “ÜST hər şeyi edə bilməz və biz buna cəhd etməməliyik. ÜST-ün əsas gücü onun bir araya gətirmə qabiliyyətidir — hökumətləri, ekspertləri, qurumları, tərəfdaşları, vətəndaş cəmiyyətini və özəl sektoru bir platformada birləşdirmək gücüdür”.

ÜST-ün İcraiyyə Şurası təşkilatın əsas idarəetmə orqanıdır və Ümumdünya Səhiyyə Assambleyasının illik sessiyaları arasında idarəetməni həyata keçirir, ona məsləhət və ümumi dəstək göstərir. İcraiyyə Şurasının 158-ci sessiyası fevralın 2-dən 7-dək Cenevrədə keçirilir. Sessiyada təşkilati islahatlar və ABŞ-ın təşkilatdan çıxması ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Chosen
30
1
azertag.az

2Sources