Əkrəm Həsənov: “Əhalinin manata üstünlük verməsinin əsas səbəblərindən biri devalvasiya qorxusudur”
Azərbaycanda 2025-ci ildə əhalinin banklarla apardığı nağd ABŞ dolları əməliyyatlarında kəskin dönüş baş verib. Rəsmi statistikaya əsasən, bu il ərzində əhalinin banklara satdığı nağd dolların həcmi banklardan aldığı məbləği təxminən 318,2 milyon ABŞ dolları üstələyib.
Bu göstərici bir tərəfdən əhalinin əlindəki xarici valyutanı bank sisteminə qaytarmaq meylinin gücləndiyini göstərirsə, digər tərəfdən son iyirmi ilə yaxın dövr üçün misilsiz bir tendensiya kimi qiymətləndirilir. Belə ki, 2005-ci ildən etibarən aparılan rəsmi uçot tarixində ilk dəfə bu qədər böyük həcmdə əks istiqamətli dollar axını qeydə alınıb.
Onu da qeyd edək ki, cəmi bir il əvvəl – 2024-cü ildə mənzərə tamamilə fərqli idi. Həmin dövrdə banklardan əhaliyə 1 milyard 526,3 milyon ABŞ dolları məbləğində nağd dollar satışı həyata keçirilmişdi. Bu isə əhalinin dollara tələbatının yüksək, banklardan çıxışın isə dominant olduğunu göstərirdi. Görəsən, banklara dollar axınının artmasına nə səbəb olub?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov baki-xeber.com-a şərhində bildirdi ki, son zamanlar əhalinin manata üstünlük verməsinin əsas səbəblərindən biri devalvasiya qorxusudur: “Ölkədə neft hasilatının azalması, eləcə də neftin dünya bazarında satış qiymətinin düşməsi insanlar arasında təşviş və həyəcan yaradıb. Bir çoxları bu vəziyyətin devalvasiyaya səbəb olacağını düşünür. Lakin bu, devalvasiyanın mütləq baş verəcəyi anlamına gəlmir, sadəcə cəmiyyətdə belə bir rəy formalaşıb. Əhali arasında panika və qorxu müşahidə olunur. Halbuki Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir və devalvasiya ehtimalı demək olar ki, yoxdur”.
Günel CƏLİLOVA