EN

Serbiyada prokurorlar, hakimlər və vəkillər yeni məhkəmə qanununun qəbuluna etiraz ediblər

Serbiyanın Novi Sad şəhərində prokurorlar, hakimlər və vəkillər fevralın 2-də şəhər məhkəməsinin qarşısında toplaşaraq bu yaxınlarda qəbul edilmiş məhkəmə qanunlarına etiraz ediblər.

“İki sahil” xəbər verir ki, asksiyaya Novi Sad məhkəmələrində çalışan bir sıra hakim və prokurorlar da qoşulub.

Onlar məhkəmə binasından çıxaraq onun qarşısında toplaşan etirazçılarla həmrəylik nümayiş etdiriblər.

Mitinqə həmçinin Novi Sad Universitetinin tələbələri də dəstək veriblər.

Tədbirdə çıxış edən vəkil Srdjan Popoviç məhkəmə hakimiyyətinin müstəqilliyinin vacibliyini vurğulayıb:

"Hazırda baş verənlər islahat deyil, məhkəmə sisteminə birbaşa hücumdur. Məhz buna görə bu gün birliyə ehtiyacımız var. Bütün hakimlərin, bütün prokurorların, bütün vəkillərin və hamımızın birliyinə ehtiyac var. Müstəqil məhkəmələr olmadan nə ədalət, nə də dövlət mövcud ola bilər. Müstəqil və muxtar vəkillik institutu olmadan vətəndaşların hüquqlarının müdafiəsi mümkün deyil. Yalnız birlik yolu ilə konstitusiyanı və hüququn aliliyini qoruya bilərik".

Xatırladaq ki, bir neçə gün əvvəl Serbiya parlamenti məhkəmə sisteminə dair mübahisəli qanunlar paketini qəbul edib. Qəbul olunan dəyişikliklərin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğunun (MCMP) bəzi prokurorlarının bu qurumdan uzaqlaşdırılması yolu ilə onun fəaliyyətinə faktiki olaraq maneə yaradacağı bildirilir. Qanunlara əsasən, digər prokurorluq orqanlarında müvəqqəti ezamiyyətdə olan prokurorlar müəyyən olunmuş müddət ərzində ezam olunduqları əvvəlki prokurorluqlara qayıtmalı olacaqlar. Bu isə hazırda cəmi 9 prokuroru olan MCMP-nin işlərində müvəqqəti ezamiyyətdə çalışan 11 prokuroru itirməsi deməkdir.

Yeni və düzəliş edilən qanunlar məhkəmələrin və prokurorluq orqanlarının yerləşdiyi əraziləri və yurisdiksiyalarını, Ali Prokurorlar Şurasını, eləcə də dövlət prokurorlarını və hakimləri əhatə edir.

Chosen
24
3
ikisahil.az

4Sources