EN

İsveç hökuməti müəllimlərin iş vaxtı ilə bağlı qaydaları dəyişir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 2 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti ilk dəfə müəllimlərin iş vaxtının mərkəzləşdirilmiş qaydada tənzimlənməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

AZƏRTAC xəbər verir ki, islahat dərs saatlarının maksimal sayının və dərslərə hazırlıq və sonrakı iş üçün ayrılan vaxtın minimal həcminin müəyyənləşdirilməsini nəzərdə tutur.

Təhsil naziri Simona Mohamssonun sözlərinə görə, hazırda müəllimlərin yükü məktəblər arasında kəskin şəkildə fərqlənir. Onların bir çoxu növbətçilikdən təsərrüfat işlərinə qədər özlərinə aid olmayan vəzifələrlə həddindən artıq yükləniblər. Yeni qanun əmək şəraitini yaxşılaşdırmalı və tədrisin keyfiyyətini yüksəltməlidir.

Bələdiyyələr və İsveç Bələdiyyələri və Regionları Assosiasiyası (SKR) təşəbbüsü kəskin tənqid edirlər. Onlar islahatı yetərincə maliyyələşdirilməmiş hesab edir, siniflərin böyüməsi və müəllim çatışmazlığı riskləri barədə xəbərdarlıq edir, xüsusilə kiçik və uzaq məktəblərdə bu təhlükənin artacağını bildirir, həmçinin kollektiv müqavilələrin “İsveç modeli”nin pozulduğunu vurğulayırlar.

Hökumət tənqidləri rədd edərək SKR-i hərəkətsizlikdə və problemləri müəllimlərin üzərinə yönəltməkdə ittiham edir. “İsveç müəllimləri” həmkarlar ittifaqı islahatı dəstəkləyir, onu təhsil sistemi üçün ən vacib islahatlardan biri və əvvəllər tənzimlənməyən iş yükünün qaydaya salınması istiqamətində addım adlandırır. İlkin məlumatlara görə, ibtidai və orta məktəb müəllimləri üçün ildə 450–650 iş saatından söhbət gedir.

İslahatın dəyəri ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, həmkarlar ittifaqları onu zəruri hesab edir və bunun əmək şəraitinin və təhsilin keyfiyyətinin yaxşılaşmasına gətirib çıxaracağını gözləyirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
azertag.az

2Sources