EN

İngiltərə bir rus diplomatı deportasiya etdi

İngiltərə bir rus diplomatı deportasiya etdi

İngiltərə Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Londondakı səfiri Andrey Kelinə, Rusiyanın bir britaniyalı diplomatı ölkədən çıxarmasına görə rəsmi etiraz bildirilib. Eyni zamanda Londonda fəaliyyət göstərən bir rus diplomatının da deportasiya edildiyi açıqlanıb.

XİN-in mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda bildirilib: “Rusiyanın ötən ay diplomatlarımızdan birini səbəbsiz və əsassız şəkildə ölkədən çıxarmasını və əməkdaşlarımıza qarşı irəli sürdüyü əsassız ittihamları ən sərt formada pisləyirik”.

Açıqlamada Kelin bu məsələ ilə bağlı nazirliyə çağırıldığı qeyd olunaraq vurğulanıb ki, yüksək vəzifəli XİN rəsmisi rus səfirinə Böyük Britaniyanın səfirlik əməkdaşlarına qarşı təxribatları qəbul etməyəcəyini açıq şəkildə çatdırıb. Bu səbəbdən qarşılıqlı addım olaraq bu gün bir rus diplomatının akkreditasiyası ləğv edilib.

Bəyanatda Rusiyanın Ukraynaya göstərilən dəstəyi əngəlləmək məqsədilə Britaniyanın diplomatik missiyasının fəaliyyətini davamlı şəkildə pozmağa çalışdığı iddia olunub. Həmçinin Rusiyanın atacağı yeni addımların gərginliyi artıran addım kimi qiymətləndiriləcəyi və eyni formada cavablandırılacağı vurğulanıb.

Xatırladılıb ki, ötən ay İngiltərənin Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Danea Dolakiya XİN-ə çağırılmış, səfirlikdə çalışan diplomat Qaret Samuel Devisin Britaniya kəşfiyyatı ilə əlaqədə işlədiyi əsas gətirilərək ölkədən çıxarıldığı bildirilib. Rusiya bu qərarla bağlı Londona etiraz notası təqdim etmiş və Devisin iki həftə ərzində ölkəni tərk etməsini tələb etmişdi.

İngiltərə Xarici İşlər Nazirliyi isə bu addımı diplomatik missiyaların normal fəaliyyətini təmin edən əsas şərtləri sarsıdan qərar kimi dəyərləndirmiş və qarşılıq veriləcəyini bəyan etmişdi.

Chosen
14
afn.az

1Sources