Ötən günlərdə dövlət başçısı İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib. Prezident bölgədə yaranmış vəziyyətdən narahat olduğunu və Azərbaycanın gərginliyi aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafanın sözlərinə görə, Prezident İlham Əliyevin iranlı həmkarına zəng etməsi tamamilə normaldır:
"Çünki biz İranla qonşuyuq, həmsərhədik və eyni zamanda orada milyonlarla soydaşımız yaşayır. Ona görə də bu gün İran ətrafında baş verən hadisələrə laqeyd qalmaq mümkün deyil. Bu baxımdan Prezident İlham Əliyevin zəngi yerində və təbiidir. Amma məsələ buradadır ki, İran və ABŞ arasında mövcud gərginlik və ziddiyyətlər kifayət qədər qlobal xarakter daşıyır. Bu ziddiyyətlərin həlli, gərginliyin aradan qaldırılması Azərbaycanın, hətta Türkiyənin belə təkbaşına həll edə biləcəyi məsələ deyil. Təbii ki, indiyə qədər bildiyim qədər tərəflər birbaşa əlaqə saxlamır, danışıqlar üçün üçüncü tərəflərdən istifadə olunur. Bu baxımdan Azərbaycan bu prosesdə vasitəçilik edə, tərəflərin anlaşması və uzlaşması üçün diplomatik imkanlarını təklif edə bilər".

Siyasi şərhçi beynəlxalq münasibətlər sistemində məqbul və bizim üçün əlçatan olan alətləri istifadə edərək belə bir rol oynamağın mümkün olduğunu da vurğuladı.
"İran tərəfi də bunu anlayır, eyni zamanda biz nəzərə alaq ki, digər region dövlətləri də bu qarşıdurmada maraqlı deyillər, onlar da çalışırlar ki, savaş olmasın, danışıqlar yolu ilə həll olunsun. Konkret olaraq, prezident özü daha yaxşı bilir ki, hansı təklifləri verə bilər, ola bilsin ki, artıq bu təkliflər edilib. Buradakı əsas məqsəd aydındır: Azərbaycan bölgədə savaşın olmasını istəmir və regionun müharibə alanına çevrilməsində maraqlı deyil. Ona görə də bu təşəbbüs doğru və məqsədəuyğundur. Yəqin ki, İran tərəfi də bunu anlayır. Eyni zamanda digər region dövlətləri də bu qarşıdurmada maraqlı deyillər və çalışırlar ki, danışıqlar yolu ilə həll tapılsın. Bu baxımdan Azərbaycan da müəyyən bir müstəvidə təkliflərini verə, diplomatik vasitəçilik edə bilər. Təbii ki, son qərarı ABŞ və İran verəcək: razılıq olarsa müharibə olmayacaq, razılıq olmazsa müharibə başlayacaq. Bu isə birmənalı olaraq həm dövlət, həm də milli maraqlarımıza uyğun deyil", - deyə Əli Mustafa bildirdi.
Xədicə BAXIŞLI