EN

Sürücülərə XƏBƏRDARLIQ – Bunu etməsəniz…

Avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmaq xəsarət riskini xeyli azaldır.

Ancaq heç də bütün sürücülər bu sadə qaydaya əməl etmək istəmir. Bu səbəbdən də qəzalar zamanı faciələr qaçılmaz olur.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun müavini – baş həkim Nizami Məmmədov NOCOMMENT.az-a açıqlamasında deyib ki, avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması riski bir neçə dəfə artırır və bu, bizim gündəlik təcrübəmizdə ən ağır travmaların əsas səbəblərindən biridir.

Nizami Məmmədov

Tibbi və yol təhlükəsizliyi araşdırmalarına əsasən təhlükəsizlik kəməri taxılmadıqda travma riski təxminən 2–3 dəfə artır.

Onun sözlərinə görə, kəmərdən istifadə edilmədiyi ağır baş-beyin travması, daxili qanaxma və çoxsaylı sınıqların yaranma ehtimalı dəfələrlə yüksəlir:

“Qəza zamanı avtomobildən kənara atılma riski isə 20–30 dəfə daha çox olur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilə rastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmər taxılmadığı üçün xəstə ciddi xəsarətlərlə xəstəxanaya gətirilib. Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, bu xəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi.

Təcrübədə müraciət edənlərin əhəmiyyətli hissəsində qoruyucu geyimlər (dəbilqə, dizlik, dirsəklik, qoruyucu gödəkcə) olmur və ya natamam olur. Qoruyucu vasitələrdən istifadə edənlərdə travmalar adətən yüngül toxuma zədələri, səthi sınıqlar və daha az baş-beyin travması ilə məhdudlaşır, əməliyyat və reanimasiya ehtiyacı xeyli azalır. Əksinə, qoruyucu geyimdən istifadə etməyənlərdə baş-beyin travmaları, açıq sınıqlar, ağır ətraf və onurğa zədələri daha tez-tez qeydə alınır, sağalma müddəti uzanır və ağırlaşma riski yüksəlir. Xüsusilə dəbilqə baş və üz zədələrinin qarşısını almaqda həlledici rol oynayır”.

Sürücülərə müraciət edən Nizami Məmmədov bildirib ki, təhlükəsizlik kəməri onları narahat etmək üçün deyil, əksinə qorumaq üçün var.

“Qısa məsafə, şəhər içi yol, arxa oturacaq — bunların heç biri riskin olmadığı anlamına gəlmir. Qəza bir anın içində baş verir, nəticələri isə ömür boyu qala bilər. Öz həyatınız, ailəniz və avtomobildə olan hər kəs üçün təhlükəsizlik kəmərini mütləq taxın. Bu, bir vərdiş deyil, həyat məsələsidir”, – mütəxəssis yekunlaşdırıb.

Tunar

Chosen
9
nocomment.az

1Sources