“Oracle” korporasiyası 2026-cı ildə səhmlər və istiqrazların yerləşdirilməsi hesabına 45–50 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır. Bu barədə şirkətin açıqlamasına istinadən “Bloomberg” yazır. “Oracle” bu vəsaiti AMD, “Nvidia”, “OpenAI”, “TikTok”, “xAI” və “Meta” kimi müştərilərlə bağlanmış müqavilələr üzrə artan tələbi qarşılamaq üçün bulud infrastrukturu güclərinin genişləndirilməsinə yönəltməyi nəzərdə tutur. Agentlik qeyd edir ki, bu, süni intellekt sahəsində artımı dəstəkləmək üçün tələb olunan maliyyələşdirmənin miqyasını göstərir.
“Oracle” vəsaitin təxminən yarısını səhmlərlə bağlı alətlər vasitəsilə cəlb etməyi planlaşdırır. Buraya bazarda 20 milyard dollara qədər səhmlərin yerləşdirilməsi və konvertasiya olunan imtiyazlı səhmlər daxildir. Qalan hissə isə 2026-cı ilin əvvəlində istiqraz buraxılışı yolu ilə cəlb olunacaq. Səhm yerləşdirilməsinin təşkilatçısı “Citigroup”, istiqraz buraxılışının təşkilatçısı isə “Goldman Sachs” olacaq.
Fevralın 2-də Nyu-York Fond Birjasında premarket ticarətində “Oracle” səhmləri 5,3% ucuzlaşaraq 155,88 dollara düşüb, daha sonra eniş tempi 2,7%-ə qədər zəifləyib. Yanvarın 30-da hərracların bağlanışında Oracle səhmləri 164,58 dollar idi. “Bloomberg”in məlumatına görə, korporasiyanın kotirovkaları 10 sentyabr 2025-ci ildə qeydə alınmış rekord səviyyədən (328,33 dollar) təxminən 50% aşağıdır. O vaxtdan bəri “Oracle”in bazar dəyəri təxminən 460 milyard dollar azalıb.
“Bloomberg” bildirir ki, “Oracle”in açıqlaması texnologiya şirkətlərinin süni intellektə milyardlarla dollar yatırımlarının geri dönüşü ilə bağlı bazar narahatlıqları fonunda səslənib. Məlumat mərkəzlərinin inkişafı nəticəsində “Oracle”in sərbəst pul axını mənfi olub və hesablamalara görə, 2030-cu ilə qədər belə qalacaq. Şirkət yaxın illərdə əsasən yarımkeçiricilər və icarə xərcləri üçün on milyardlarla dollar xərcləməli olacaq.
“DA Davidson & Co” analitiki Gil Luriya bildirib ki, “Oracle” vəsait cəlbini uğurla başa vursa, düşdüyü çətin maliyyə vəziyyətindən çıxmağa başlaya bilər. “Guggenheim” analitiki Con DiFuççi isə yanvarda qeyd edib ki, səhmlərin yerləşdirilməsi bazara “Oracle”in borc reytinqini qorumaqda ciddi olduğunu göstərə bilər. Lakin o əlavə edib ki, mövcud borc öhdəlikləri və kredit defolt svopları fonunda bazar “Oracle”in iri həcmli istiqraz yerləşdirilməsinə maraq göstərməyə bilər. Bundan əlavə, səhmlərin yerləşdirilməsi şirkətin kotirovkalarına mənfi təsir göstərə bilər.
2025-ci ildə “Oracle” artıq rekord həcmdə — sentyabrda 18 milyard dollarlıq istiqraz buraxılışı həyata keçirmişdi. Bundan iki aydan az sonra isə şirkət kapital bazarından əlavə 38 milyard dollar cəlb etmək qərarına gəlmişdi. Nəticədə “Oracle” istiqrazlarının qiyməti düşmüş və investorlar zərərlərə görə şirkətə qarşı məhkəmə iddiası qaldırmışdılar.