Milli Məclisin deputatı Hicran Hüseynova Azərbaycanda onkoloji xəstəliklərin yayılma göstəricilərində kəskin artım olduğunu bildirib və xüsusilə uşaqlar arasında müşahidə edilən tendensiyanı ciddi risk kimi qiymətləndirib.
Deputatın açıqladığı rəqəmlərə görə, 2020-ci ildə ölkədə onkoloji xəstəliklərlə bağlı qeydə alınan xəstələrin sayı 21 min 888 nəfər olub. 2024-cü ildə isə bu göstərici 73 min 885 nəfərə yüksəlib. Beləliklə, son 4 ildə onkoloji xəstəliklərin sayı təxminən 3,5 dəfə artıb.
Hicran Hüseynova qeyd edib ki, artım dinamikası uşaqlar arasında daha qabarıqdır. Mövcud statistikaya əsasən, hazırda onkoloji xəstələr arasında hər 100 min nəfərə 7,1 uşaq düşür. Deputatın sözlərinə görə, bu göstərici uzunmüddətli tendensiyanı da təsdiqləyir: son 14 ildə uşaqlar arasında onkoloji xəstəliklərin sayı 2 dəfə artıb.
Deputat bildirib ki, bu rəqəmlər onkoloji xəstəliklərin təkcə səhiyyə deyil, həm də sosial və demoqrafik təhlükə kimi dəyərləndirilməsini zəruri edir. Onun fikrincə, erkən diaqnostika, profilaktika proqramları və uşaqlar üçün ixtisaslaşmış onkoloji xidmətlərin gücləndirilməsi prioritet istiqamətə çevrilməlidir.
Hicran Hüseynova vurğulayıb ki, mövcud statistika dövlət siyasətində onkoloji xəstəliklərlə mübarizənin daha sistemli və uzunmüddətli strategiya əsasında qurulmasını zəruri edir.
Gülnar Nazimqızı