EN

Reproduktiv sağlamlığa dair qanun niyə qəbul olunmur? - “Adət-ənənələr mane olur”

Reproduktiv sağlamlıq haqqında qanun layihəsi dəfələrlə parlamentin plenar iclasında müzakirəyə çıxarılsa da, bir qism deputat onun qəbuluna sədd çəkib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli hesab edir ki, bu prosesdə bir çox amillərlə yanaşı, milli-mənəvi dəyərlər əsas götürülməlidir.

“Səhiyyənin yeni zamanın tələblərinə uyğunlaşdırılması, həm də icbari tibbi sığorta çərçivəsində qurulan yeni səhiyyə modelinin formalaşdırılması, inkişaf etdirilməsi və xidmətlər zərfinin genişləndirilməsi vacibdir. Bu proseslər qanunvericilik sahəsində ciddi dəyişikliklərin edilməsini zəruri edir. Reproduktiv sağlamlıq haqqında qanun xüsusi əhəmiyyətə malikdir", - deyə deputat qeyd edib.

O əlavə edib: “Hazırda istər doğuş və doğuşa yardım müəssisələri, istərsə də ana və uşaq sağlamlığı istiqamətində çox mühüm və böyük işlər görülüb. Perinatal mərkəzlərin, yeni doğuşa yardım müəssisələrinin yaradılması və onların fəaliyyətinin təmin olunması üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Bunlar çox mühüm addımlardır”.

Deputatın sözlərinə görə, bu sahədə bir neçə dəfə müzakirələr aparılmış, qanun layihələri hazırlanıb:

"Düşünürəm ki, səhiyyəmizin inkişaf modelinə uyğun şəkildə bu qanunun qəbul olunması və geniş müzakirələrin aparılması olduqca vacibdir. Eyni zamanda, bu prosesdə həm milli-mənəvi dəyərlərimiz, həm səhiyyənin inkişafı, həm də insan sağlamlığı əsas götürülməlidir. Buna görə də yeni qanunun bütün tələblərə cavab verməsi üçün ciddi araşdırmalar və ölçülüb-biçilmələr aparılmalıdır”.

Terapevt Rasif Bağırov isə reproduktiv sağlamlığın olduqca geniş bir proqram olduğunu bildirib. Onun sözlərinə görə, burada həm kişi, həm də qadın reproduktiv orqanlarının xəstəlikləri, onların profilaktikası, habelə ana bətnində uşağın qidalanması və hamiləlik dövrünə aid digər bütün proseslər nəzərdə tutulur.

Həkim reproduktiv sağlamlıq haqqında qanunun yoxluğundan bir sıra problemin mövcudluğunu dilə gətirib:

"Ümumiyyətlə, Azərbaycanda hamilə qadınların ana bətnində uşağın düzgün qidalanması ilə bağlı ginekoloqların kifayət qədər dolğun və müasir təsəvvürlərinin olmadığı hallara rast gəlinir. Bəzi hallarda uşaqlar ana bətnində lazımi səviyyədə qidalana bilmir. Nəticədə, uşaqlar dünyaya gəldikdə müəyyən narahatlıqlar müşahidə olunur və bu problemlər gələcəkdə də özünü göstərə bilir. Lakin cəmiyyətdə bu hallar çox vaxt adi qəbul edilir. Halbuki bu, adi hal deyil, hamiləliyin ana bətnində düzgün idarə olunmamasının nəticəsidir”.

R.Bağırov vurğulayıb ki, bu proqram çərçivəsində hamiləlik prosesinin idarə olunması məsələsi mühüm yer tutur:

“Bəzən müəyyən tibbi prosedurların icrasına adət-ənənələr mane olur. Bu cür maneələr istər-istəməz uşağın dünyaya gəlməsi zamanı problemlərin yaranmasına səbəb olur. İlk baxışdan uşaqda problem görünmür. Məhz buna görə bu cür reproduktiv sağlamlıq proqramlarının geniş, peşəkar və yüksək səviyyədə hazırlanması çox vacibdir”.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
8
yenisabah.az

1Sources