SİA uzunillik könüllülük təcrübəsinə malik Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə ilə müsahibəni təqdim edir:
- Şəhla xanım, bildiyiniz kimi 1996-cı ilin 2 fevral tarixində Azərbaycan Gənclərinin I Forumu keçirilib və 1997-ci ildə Ümummilli Liderin Sərəncamı ilə Gənclər Günü təsis olunub və hər il fevralın 2-də ölkəmizdə Gənclər Günü qeyd olunur. Bu tarix Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəal iştirakının başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır və gənclərə göstərilən dövlət qayğısının rəmzidir. Bu gün gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif imkanlar və platformalar mövcuddur. Həmin imkanlar arasında könüllülük fəaliyyəti xüsusi yer tutur və gənclərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Sizin uzun illərə söykənən könüllülük təcrübənizi və bu sahədəki aktiv fəaliyyətinizi nəzərə alaraq, könüllülüyün gənclərin formalaşmasına verdiyi töhfələrlə bağlı gənclərimizi maraqlandıran bir sıra sualları Sizə ünvanlamaq istərdik. Müsahibəmizə vaxt ayırdığınız və suallarımızı cavablandıracağınız üçün öncədən təşəkkür edirik.
Şəhla xanım, Gənclər Günü Sizin üçün nə ifadə edir və bu günün əhəmiyyətini necə dəyərləndirirsiniz?
İlk olaraq gənclərin cəmiyyətdəki rolunu ön plana çıxaran belə bir mövzuya diqqət ayırdığınız üçün minnətdarlığımı bildirmək istərdim. Fürsətdən istifadə edərək, enerjisi, ideyaları və təşəbbüsləri ilə cəmiyyətə dəyər qatan bütün gəncləri, həmçinin ruhən özünü gənc hesab edən hər kəsi 2 fevral – Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm. Gənclər Günü mənim üçün gənclərə göstərilən diqqət və etimadın real göstəricisidir. Bu gün gənclərin cəmiyyətin inkişafında oynadığı rolun əhəmiyyətini göstərir və onların potensialının düzgün istiqamətləndirilməsinin nə qədər vacib olduğunu xatırladır. Gənclər Günü eyni zamanda gənclərin fəallığının, sosial məsuliyyətinin və təşəbbüskarlığının təşviq edildiyi xüsusi bir gündür. Məhz bu baxımdan könüllülük fəaliyyəti Gənclər Gününün mahiyyəti ilə sıx bağlıdır. Çünki könüllülük gənclərə cəmiyyətə fayda vermək, sosial problemlərə həssas yanaşmaq və aktiv vətəndaş mövqeyi formalaşdırmaq imkanı yaradır. Mütəmadi olaraq könüllülərlə işləyən, hər bir fəaliyyətdə onların zəhmət və əməyini yüksək qiymətləndirən və dəyərli hesab edən biri kimi bu günün əhəmiyyətini ona görə yüksək dəyərləndirirəm ki, gənclər məhz belə fəaliyyətlər vasitəsilə həm şəxsi inkişaf edir, həm də ölkənin gələcəyinin formalaşmasında birbaşa iştirak edirlər.
Şəhla xanım ümumiyyətlə könüllülük nədir və şəxsi inkişafda könüllülüyün rolu nədən ibarətdir?
Könüllülük, mənim üçün insanın ürəyindən gələn yaxşılıq və cəmiyyətə fayda vermək arzusunun ən saf ifadəsidir. Bu fəaliyyət insanın yalnız başqalarına kömək etməsinə deyil, eyni zamanda özünü kəşf etməsinə, yeni bacarıqlar qazanmasına və mənalı bir həyat yaşamasına şərait yaradır. Tarixən könüllülük bir çox ölkələrdə fərqli formalarda mövcud olmuşdur. Səhiyyə sahəsində könüllülük tarixdə mühüm yer tutur. Məsələn, XIX əsrdə könüllü tibb bacıları müharibə dövründə yaralı əsgərlərə kömək göstərmiş, müasir tibb bacılığı anlayışının formalaşdırılmasına töhfə vermişlər. Bundan başqa, epidemiyalar və təbii fəlakətlər zamanı da könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb etmişdir. XX əsrdə və daha sonrakı dövrlərdə baş verən yoluxucu xəstəliklərin qarşısının alınmasında, maarifləndirmə kampaniyalarında və əhalinin sağlamlığının qorunmasında könüllülər fəal iştirak etmişlər. Xüsusilə pandemiya dövrlərində gənclərin səhiyyə müəssisələrində, peyvəndləmə proseslərində və ictimai sağlamlıqla bağlı maarifləndirmə işlərində könüllü şəkildə çalışması bunun bariz nümunəsidir. Bu nümunələr göstərir ki, könüllülük həm fərdi inkişaf üçün bir vasitə, həm də cəmiyyətlərin birgə işləmə mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan könüllülük yalnız şəxsi təcrübə deyil, həm də gənclərin sosial məsuliyyət hissini gücləndirən və onların gələcəkdə cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməsinə xidmət edən bir fəaliyyət növüdür.
Bəs səhiyyə sahəsində könüllü olan gənclər zərərli vərdişlərin qarşısının alınmasında və sağlam həyat tərzinin təşviqində cəmiyyətə hansı töhfələri verə bilərlər?
Məncə, gənclər səhiyyədə könüllülük fəaliyyətinin ən dinamik və təsirli aparıcı qüvvəsidir. Onların enerjisi, çevikliyi və yeniliyə açıq düşüncəsi sağlam həyat tərzinin təbliğini daha canlı və anlaşılan edir. Xüsusilə gənclər-gənclərə ünsiyyət modeli bu sahədə çox effektivdir: eyni yaş qrupundan olan bir könüllünün verdiyi mesaj daha səmimi qəbul olunur və daha tez təsir göstərir. Gənclər sağlam qidalanma, fiziki aktivlik, psixoloji sağlamlıq və zərərli vərdişlərin fəsadları ilə bağlı maarifləndirmə işlərində həm nümunə, həm də təşəbbüskar rolunu oynaya bilərlər. Sosial media, məktəblər, icma tədbirləri və könüllü layihələr vasitəsilə onlar sağlam həyat tərzini rəsmi çağırış yox, gündəlik həyatın bir hissəsi kimi təqdim edirlər. Zərərli vərdişlərlə mübarizədə isə gənclərin təsir gücü ilk növbədə şəxsi nümunədən keçir. Siqaretə, alkoqola və digər asılılıqlara “yox” deyən, aktiv və sağlam həyat tərzi sürən gənc ətrafındakıları da düşünməyə vadar edir. Könüllülük bu baxımdan gənclərə həm bilik, həm məsuliyyət, həm də cəmiyyət qarşısında söz demək imkanı verir. Nəticə etibarilə, gənclər səhiyyədə könüllülük fəaliyyəti vasitəsilə təkcə maarifləndirici rol oynamır, eyni zamanda sağlam gələcəyin formalaşmasında birbaşa iştirak edirlər. Onların təşəbbüsü və fəallığı zərərli vərdişlərə qarşı mübarizəni daha təsirli və davamlı edir.
Şəhla xanım qeyd etdiniz ki, könüllü fəaliyyət şəxsi və peşəkar bacarıqların inkişafı və cəmiyyətə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəs könüllü çalışmağın insanların psixoloji rifahına və stresslə mübarizə bacarıqlarına təsiri var?
Çox insan düşünür ki, könüllülük sadəcə cəmiyyətə fayda verməkdir. Amma əslində bu fəaliyyət iştirak edənlərin psixoloji rifahına və daxili balansına da böyük təsir göstərir. Könüllülük zamanı insanlar başqalarına yardım edərkən eyni zamanda özünü dəyərləndirilmiş hiss edir, daxili məmnunluq və mənalı həyat təcrübəsi yaşayır. Son illərdə aparılan bir sıra tədqiqatlar göstərir ki, könüllülük fəaliyyəti xüsusilə orta yaş və yuxarı yaş qruplarında psixi sağlamlığı gücləndirir. Məsələn, Avropa və Şimali Amerikada aparılan tədqiqatlarında könüllülərlə könüllü olmayanlar müqayisə olunub və nəticədə könüllülərin narahatlıq və depressiya səviyyəsinin daha aşağı olduğu müəyyən edilib. Beləliklə, könüllülük yalnız cəmiyyət üçün deyil, fərdin psixoloji sağlamlığı və emosional dayanıqlığı baxımından da əvəzolunmaz bir təcrübədir. İnsan həm başqalarına fayda verir, həm də öz həyat keyfiyyətini yüksəldir.
Ümumiyyətlə könüllülük fəaliyyəti üçün yaş məhdudiyyəti varmı?
Cəmiyyətdə formalaşmış yanlış təsəvvürlərdən biri elə məhz könüllülüyün yalnız gənclərin fəaliyyəti kimi qəbul edilməsidir və bu baxış könüllülüyü yaşla məhdudlaşdırır. Amma əslində könüllülük üçün belə sərt bir yaş məhdudiyyəti yoxdur. O, hər yaşda, hər mərhələdə insanın cəmiyyətə töhfə vermək arzusunu həyata keçirməsi deməkdir. Məsələn, European Solidarity Corps (Avropa Həmrəylik Korpusu) proqramında könüllü kimi iştirak üçün əsas yaş aralığı 18–30 olaraq göstərilsə də, proqram çərçivəsində təşkil olunan bir sıra fəaliyyət və layihələrdə 30 yaşdan yuxarı şəxslər də iştirak edə bilir. Bu proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və yaş məhdudiyyətinin layihənin növünə görə dəyişə bildiyini rəsmi şəkildə göstərir. Yaş məhdudiyyətinin könüllülüyə mane olmadığını göstərən nümunələrə Azərbaycan təcrübəsində də rast gəlinir və bu proqramlar yaşlı insanların sosial fəallığını artırmaq, onların bilik və təcrübəsindən cəmiyyətin faydalanmasını təmin etmək məqsədi daşıyır və könüllülüyün yalnız gənclərə aid olmadığını praktik şəkildə sübut edir. Rəsmi məlumatlara görə, dünyada gənclərlə yanaşı orta yaşlı və yaşlı könüllülər də uzun illərdir aktiv fəaliyyət göstərirlər. Bu fakt könüllülüyün yalnız gənclərlə məhdudlaşmadığını açıq şəkildə sübut edir.bu da göstərir ki, təcrübə və layihənin növünə görə yaş aralığı elastikdir və yalnız “gənc olmaq”la məhdudlaşmır.Yəni könüllülükdə əsas məqam fərdin istəyi, uyğun proqram tapması və rolun tələblərinə cavab verməsidir. Yaş sadəcə texniki kriteriyalardan biridir, lakin insanın könüllü olmağa fəaliyyəti heç vaxt yalnız bir yaş dövrü ilə bağlı deyil.
Ölkəmizdə gənclərin könüllülük proqramlarına təşviqi üçün həyata keçirilən fəaliyyətlər və bu fəaliyyətlərdən faydalanan könüllülər barədə nə deyə bilərsiniz?
Azərbaycan gəncləri hər zaman cəmiyyətimizin enerjisi, gələcəyimizin ümididir. Onların sosial fəallığı və təşəbbüsləri ölkəmizin inkişafına böyük töhfə verir. Bu baxımdan, ölkəmizdə gənclərin könüllülük fəaliyyətinin inkişafı xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev ölkəmizdə gənclərin könüllülük fəaliyyətinin inkişafı və təşviqi istiqamətində ardıcıl addımlar atmış, bu sahəni dövlət gənclər siyasətinin vacib tərkib hissəsinə çevirmişdir. 2019‑cu ilin 30 dekabrında Prezidentin sərəncamı ilə 2020‑ci il “Könüllülər İli” elan olunmuşdur ki, bu qərar könüllülük hərəkatının ölkə miqyasında genişlənməsinə mühüm stimul vermiş və gənclərin ictimai aktivliyini dəstəkləmək üçün dövlət səviyyəsində diqqəti artırmışdır. Bu təşəbbüs çərçivəsində könüllülər fəaliyyətini müxtəlif sahələrdə – ictimai tədbirlərdə, sosial layihələrdə və regionların inkişafında aktiv şəkildə göstərməyə başladılar. Dövlət orqanları və proqramlar könüllülər üçün geniş imkanlar yaratdı. Məsələn, böyük beynəlxalq tədbirlərdə (idman yarışları, mədəniyyət və digər tədbirlər) yüzlərlə gənc könüllü iştirak etmiş, bu təcrübə onların peşə bacarıqlarını və sosial məsuliyyət hissini gücləndirmişdir. Prezident İlham Əliyevin səyləri nəticəsində könüllülük fəaliyyətləri dövlət strukturlarında da təşviq olunmuşdur. Nəticədə dövlət və təşkilatlar tərəfindən könüllülər sertifikatlar, dövlət mükafatları və fəxri diplomlarla qiymətləndirilir, fəal iştirakçıların sosial və professional həyatda imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Ümumilikdə, Prezident İlham Əliyevin təşəbbüsləri gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsini genişləndirmiş, bu sahəni dövlət siyasətinin vacib elementi kimi formalaşdırmış və könüllülərin cəmiyyət qarşısında qiymətləndirilməsini təmin etmişdir.
Çox maraqlı və təsirli izah etdiniz. Həqiqətən görünür ki, cənab Prezidentin təşəbbüsləri gəncləri yalnız fəal etməyib, həm də onların gələcək inkişafına real dəstək verir. Yalnız böyük şəhərlərdə deyil, ölkə səviyyəsində gənclərin enerjisi və potensialı belə təşəbbüslərlə ortaya çıxır. Təbii ki, Bakı və digər böyük şəhərlərdə könüllülük hərəkatları daha sürətlə genişlənir. Bəs ucqar kəndlərdə könüllülüyü necə daha aktiv etmək olar?
Həqiqətən də, böyük şəhərlərdə könüllülük fəaliyyətləri daha çox görünür, çünki orada resurslar, təşkilatlar və imkanlar daha sıx yerləşir. Bu, çox aktual və vacib məsələdir. Rayon və kəndlərdə də könüllülüyün hərəkatının genişləndirilməsi çox vacib əhəmiyyət kəsb edir. İlk növbədə, könüllülük anlayışı bu bölgələrdə daha sadə və praktik nümunələrlə təqdim olunmalıdır ki, insanlar bunun yalnız böyük şəhərlərə xas fəaliyyət olmadığını hiss etsinlər. Könüllülüyü aktivləşdirmək üçün yerli icmaların, bələdiyyələrin, məktəblərin və mədəniyyət mərkəzlərinin rolu artırılmalıdır. Kiçik, amma davamlı təşəbbüslər – kəndin təmizlənməsi, yaşlılara dəstək, maarifləndirici görüşlər, sağlam həyat tərzi ilə bağlı tədbirlər – könüllülüyü insanların gündəlik həyatına yaxınlaşdırır və maraq yaradır. Xüsusilə yerli gənclərin bu prosesə lider kimi cəlb olunması böyük təsir göstərir. Təcrübəli könüllülərin mentorluğu və regional səfərlər ilə gənclər bu fəaliyyətlərə cəlb oluna bilər. Cəmiyyət isə könüllüləri görməli və qiymətləndirməlidir. Rayon və kəndlərdə fəal olan könüllülərin uğurlarının işıqlandırılması, təşəkkür və motivasiya mexanizmlərinin yaradılması insanların bu sahəyə inamını artırır. Eyni zamanda, şəhər mərkəzli könüllü təşkilatlarla regionlar arasında əməkdaşlıq qurulması təcrübə və resurs paylaşımını mümkün edir. Ümumilikdə, könüllülüyün bölgələrdə inkişafı üçün əsas açar onun yerli ehtiyaclara uyğunlaşdırılması və icma tərəfindən mənəvi dəstək görməsidir. İnsanlar könüllülüyün real faydasını gördükcə, bu fəaliyyət rayon və kəndlərdə də təbii şəkildə güclənəcək. Əsas məsələ, bu fəallığı təşviq etmək üçün yerli imkanları, motivasiyanı və dəstəyi bir araya gətirməkdir. Sevindirici haldır ki, hazırda ölkəmizdə bu sahədə ciddi uğurlu fəaliyyətlər təşkil edilir və bu region gəncinin gücünü daha da artırır.
Şəhla xanım, 2 fevral – Gənclər Günü münasibətilə gənclərimizi aktivliyə, cəmiyyətə töhfə verməyə və könüllü fəaliyyətlərə qoşulmağa necə ruhlandıra bilərsiniz?
Məncə, ən önəmlisi gənclərə göstərməkdir ki, hər bir fərdin cəmiyyətə verdiyi töhfə həm başqalarına, həm də özlərinə dəyər qazandırır. 2 fevral – Gənclər Günü də bunun simvolu kimi hər bir gənci aktiv olmağa, təşəbbüskar olmağa və öz ideyalarını reallığa çevirməyə ruhlandırır. Gənclərə tövsiyəm budur ki, tərəddüd etmədən ölkəmizin uğurlu gələcəyi naminə cənab Prezidentin uğurlu dövlət siyasəti istiqamətində həyata keçirilən könüllülük fəaliyyətlərinə qoşulsunlar. Hər kiçik addım böyük dəyişikliklərə yol açır. Könüllü olmaq yalnız başqalarına kömək etmək deyil, həm də öz bacarıqlarını kəşf etmək, ünsiyyət və liderlik qabiliyyətlərini inkişaf etdirmək, həmçinin həyatın mənasını daha dərindən anlamaq deməkdir. Gənclərimiz bilməlidir ki, onların enerjisi, ideyaları və təşəbbüsləri cəmiyyət üçün əvəzolunmazdır. Ona görə də Gənclər Günü münasibətilə hər bir gənci könüllü olmağa və cəmiyyətimizə töhfə verməyə çağırıram. Çünki hər bir könüllü addım Vətənimizi-Azərbaycanımızı daha yaxşı yerə çevirir. Sağlam və güclü cəmiyyət, o cümlədən parlaq gələcək üçün könüllü olun, Vətənimizə könül verin, birgə əl-ələ çalışaraq Azərbaycanımızı daha da parlaq sabahlara doğru aparmaq hər birimizin vətəndaş borcu və məsuliyyətidir. Bu bizim ən dəyərli məqsəd və amalımız olmalıdır əziz gənclər! Bayramınız mübarək!