EN

"Dövlət gənclərin həm milli, həm beynəlxalq fəaliyyətini gücləndirir" - ŞƏRH EDİLDİ

"Cənab Prezident çıxışında həm tarixi vəzifələri, həm də gənclərin gələcək potensialını xüsusi olaraq vurğuladı". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, İlham Əliyev Azərbaycan dövlətinin gəncliyi dəstəkləyən siyasətinə verdiyi önəmi açıq şəkildə ifadə etdi və gənclərin özünü ifadə edə, karyera qura, yeni təşəbbüslər həyata keçirə bilmələrinin yalnız onların şəxsi inkişafı üçün deyil, həm də ölkənin sosial-iqtisadi və mədəni inkişafı üçün nə qədər mühüm olduğunu diqqətə çatdırdı: "Prezident qeyd etdi ki, gənclər cəmiyyətin ən dinamik və innovativ qüvvəsi olaraq ölkənin gələcək perspektivində həlledici rol oynayırlar və onların potensialından səmərəli istifadə etmək hər bir dövlətin prioritet məsələlərindən biridir.

Gənclərin ölkənin inkişaf prosesində rolu həm tarixi, həm də müasir dövrdə olduqca əhəmiyyətlidir. Onlar Vətən müharibəsində göstərdikləri şücaət və fədakarlıqla həm milli həmrəyliyin simvoluna çevrilmiş, həm də gənclərin vətənpərvərlik ruhunu nümayiş etdirmişlər. Bununla yanaşı, müasir texnologiyaların və innovativ ideyaların tətbiqində fəal iştirak etmələri onların yalnız hərbi və sosial sahələrdə deyil, iqtisadi, elmi və texnoloji sahələrdə də önəmli rol oynadıqlarını göstərir.

Dövlətin gənclərə yönələn siyasəti onların fəaliyyətini hərtərəfli dəstəkləyir. Bu siyasət gənclərin həm milli səviyyədə, həm də beynəlxalq aləmdə öz qabiliyyətlərini nümayiş etdirmələrinə imkan yaradır, onların bilik və bacarıqlarını inkişaf etdirir və Azərbaycana gələcəkdə lider, innovator və fəal vətəndaşlar yetişdirməyə şərait yaradır. Prezident çıxışında vurğuladı ki, gənclərin ölkənin gələcək inkişafındakı rolu yalnız formal bir dəstək və ya simvolik təşəbbüs deyil, strateji əhəmiyyət daşıyan bir məsələdir və hər bir gəncin bu inkişaf prosesində iştirakını təmin etmək dövlətin əsas prioritetlərindən biridir".

Müəllif: Günel Fərzəliyeva
Chosen
4
1
sia.az

2Sources