EN

Azərbaycan–Yunanıstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini gücləndirir - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Yunanıstan Respublikasının yeni təyin olunmuş səfirini qəbul etməsi Azərbaycan–Yunanıstan münasibətlərinin son illər hansı strateji xətt üzrə inkişaf etdiyini aydın şəkildə ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu görüş təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda Avropa–Cənubi Qafqaz xəttində formalaşan yeni enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq arxitekturasının mühüm elementlərindən biri kimi qiymətləndirilməlidir: "Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusu qazanmış ölkədir. Yunanıstan isə Cənub Qaz Dəhlizinin vacib həlqələrindən biri olmaqla, Azərbaycan qazının Avropa bazarlarına çıxışında strateji tranzit ölkə rolunu oynayır. Bu kontekstdə dövlət başçılarının müxtəlif beynəlxalq platformalarda keçirdikləri görüşlər ikitərəfli əlaqələrin yalnız iqtisadi deyil, eyni zamanda siyasi etimad üzərində qurulduğunu göstərir. Görüşdə yaşıl enerji məsələlərinin xüsusi vurğulanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm siqnaldır. Azərbaycan artıq ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də regional mərkəzə çevrilmək niyyətini açıq şəkildə ortaya qoyur. Yunanıstanın bu sahədə Avropa təcrübəsi və institusional imkanları Bakı üçün önəmli əməkdaşlıq platforması yaradır.

Digər tərəfdən, biznes dairələri arasında təmasların artırılması və qarşılıqlı investisiyaların təşviqi Azərbaycan diplomatiyasının praqmatik xarakterini əks etdirir. Birbaşa hava əlaqələrinin mümkünlüyü isə iqtisadiyyatla yanaşı, turizm, mədəniyyət və humanitar əlaqələrin də dərinləşməsinə real zəmin yaradır. Ümumilikdə, bu görüş Azərbaycanın Avropa ilə münasibətlərində selektiv deyil, sistemli və çoxşaxəli yanaşma nümayiş etdirdiyini göstərir. Yunanıstanla tərəfdaşlığın gücləndirilməsi Bakı üçün həm Avropa İttifaqı ilə dialoqun genişlənməsi, həm də regional enerji və təhlükəsizlik arxitekturasında mövqelərinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
6
1
sia.az

2Sources