EN

“CHARACTERS” müasir dramaturgiya festivalı pyeslərin qəbulu müddətini uzadır

Bakı, 2 fevral, Tatyana İvanayeva, AZƏRTAC

“CHARACTERS” müasir dramaturgiya festivalı Avropanın “EURODRAM” teatr  tərcümə şəbəkəsi ilə əməkdaşlıq şəraitində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müddətini 2026-cı il fevralın 15-nə qədər uzadır.

Bu barədə AZƏRTAC-a festivalın kuratoru, dramaturq İsmayıl İman məlumat verib. Onun sözlərinə görə, əlavə iki həftə artıq başlanılan mətni başa çatdırmaq və hətta yeni mətni sıfırdan yazmaq üçün kifayət edir.

Dramaturq əlavə edib: “İki il əvvəl 40 pyes almışdıq. Bunlar sanki uzun müddət ərzində toplanmış təsirli sayda mətn idi. Bu dəfə müraciətlərin sayı nəzərəçarpacaq dərəcədə azdır və bu, gözlənilən idi: teatrlar müasir dramaturgiyaya qarşı ehtiyatlı davranır və materialın keyfiyyəti həmişə tələb olunan standartlara cavab vermir. Buna baxmayaraq, əminəm ki, bu prosesi dəstəkləmək, müvafiq pyeslərin yaradılmasını və yayılmasını stimullaşdırmağa davam etmək vacibdir”.

Xatırladaq ki, 2024-cü ildə “CHARACTERS” festival müsabiqəsinin qalibi Şəbnəm Xeyrullanın “Arqon” pyesi olub. Bu əsər sonradan ölkənin bir neçə teatrı tərəfindən səhnələşdirilib.

2026-cı il Azərbaycan pyesləri müsabiqəsinə son beş ildə 18-50 yaş arası dramaturqların qələmə aldıqları əsərlər qəbul edilir. Münsiflər heyətinə teatr alimləri İsrafil İsrafilov, Elçin Cəfərov və Aliyə Dadaşova, rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev daxildirlər. Müsabiqənin üç qalibi martın 10-da - Milli Teatr Günündə elan ediləcək.

Chosen
3
3
azertag.az

4Sources