EN

“Şəhər mədəniyyətin özü deməkdir” - Elnarə Akimova

“Artıq 2026-cı ilin ilk səhifələrini yaşamaqdayıq. Məncə, ilin ilk müjdəsi Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı ‘Azərbaycan Mədəniyyəti – 2040’ Mədəniyyət Konsepsiyası oldu.”

Bu fikirləri Milli Məclisin yaz sessiyasının açılışına həsr olunmuş plenar iclasda deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova səsləndirib.

Millət vəkili bildirib ki, I Türkoloji Qurultayın 100 illiyi və Xaqani Şirvaninin 900 illiyi ilə bağlı imzalanan sərəncamlar da həmin mədəniyyət konsepsiyasının yaşarılığına hədəflənmiş strateji məqamlar kimi mənalana bilər.

Elnarə Akimova çıxışında mədəni quruculuğun xalqın tarixi yaddaşında xüsusi yer tutduğunu vurğulayıb: “Quruculuq düşüncəsi, tikib-yaratmaq əzmi ilə yaşayan heç kəs getmir. Abidələşib tarixdə qalır.”

Deputat qeyd edib ki, hər bir memarlıq nümunəsi xalqın həyatında, ədəbiyyatında, mədəniyyət və fəlsəfəsində yaşayır. Onun sözlərinə görə, hər bir abidə mədəni varlığımızın simvolu kimi yaşayır və tarixi yaddaşımızı yaşadır.

Deputat Prezidentin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən də bəhs edib: “İndi çoxları bilir ki, mədəniyyət anlayışı şəhər sözü ilə sinonimdir. Şəhər mədəniyyətin özü deməkdir. Bu qərar Azərbaycanda quruculuq işlərinin yeni və daha böyük vüsət alacağından soraq verir”.

E. Akimova xatırladıb ki, 1926-cı ildə keçirilən I Türkoloji Qurultay günlərində Bakı uzaq ölkələrdən gələn qonaqları öz memarlıq siması ilə valeh edib: “Türkoloji Qurultay günlərində Bakı uzaq ölkələrdən gəlmiş qonaqlarını öz cazibədar arxitekturası ilə qarşılamışdı. Nümayəndələrin elə həmin günlərdə yazdıqları xatirə qeydlərinə, gündəliklərinə istinadən deyə bilərik ki, şəhərimiz onları həm intellektual səviyyəsinə, həm də əsrarəngiz memarlıq xüsusiyyətlərinə görə valeh etmişdi. Qurultay Şərq və Qərb memarlığının sintezindən yaranmış nadir İsmailiyyə binasında keçirilmiş, nümayəndələr tariximiz barədə təsəvvür əldə etmək üçün Şirvanşahlar sarayını ziyarət etmiş, Opera teatrında “Leyli və Məcnun” tamaşasına baxmışdılar. Tamaşaya baxan nümayəndələrdən biri, alman türkoloqu Menzel o illərdə yazdığı gündəlik qeydlərində opera haqqında təəssüratdan daha çox, opera teatrının binası barədə təəssüratlarını bölüşür, “Teatr binası olduqca gözəldir. Şərq üslubunda tikilib” deyə qeydlər edirdi. Atəşgah məbədini ziyarət etdiklərini, binaları yastı-yapalaq Qara Şəhərə baxdıqlarını da onların gündəliklərindən öyrənirik. Üstündən yüz il keçir, qurultayın 100 illiyini qeyd etmək üçün Bakıya gələnlər artıq burada bənzərsiz və modern Alov qüllələrinə şahid olacaq, amma Qara şəhəri deyil, Ağ şəhəri görəcəklər”.

Çıxışının sonunda deputat gənclər mövzusuna da toxunaraq qeyd edib ki, onlara ötürülən ən böyük mənəvi miras mədəniyyətlə bağlı gerçəkləşən işlərdir. O vurğulayıb ki, bu abidələrin daxilində “milli-əxlaqi dəyərlər və bədii-estetik sərvətlər yaşayır” və bütün bu işlər “formalaşan gənclərə sağlam bir gələcək ərməğan etmək” məqsədi daşıyır.

Chosen
4
1
herbiand.az

2Sources