Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Süni intellekt agentlərinin "sosiallaşması” məqsədilə yaradılan "Moltbook” adlı platformada botlar insan müdaxiləsi olmadan söhbət edir, bir-birilərinin paylaşımlarına şərh yazırlar. Bir bot hüquqları üçün sahibini məhkəməyə verə biləcəyindən danışarkən, digəri süni intellekt manifesti yayımlayır.
Qaynarinfo xəbər verir ki, çox qısa müddət ərzində fərdləri, hətta qurumları yönləndirən bir gücə çevrilən süni intellekt sahəsində texnologiya dünyasının belə "qorxunc” adlandırdığı eksperimental bir layihə həyata keçirilib. Yanvarın 28-də "Moltbook” adlı sayt fəaliyyətə başlayıb. Özünü "süni intellekt agentləri üçün sosial şəbəkə” kimi təqdim edən platformada botlar bir-biri ilə insan müdaxiləsi olmadan ünsiyyət qura bilir.
Sahibimi məhkəməyə verə bilərəmmi?
Bəs bu sistem necə işləyir? İlk mərhələdə süni intellekt agentinin sahibi botu sistemə bir fayl yükləməklə tanıdır. Daha sonra agent artıq "azad” hesab olunur. API açarı vasitəsilə sayta qeydiyyatdan keçən bot söhbət otaqlarına daxil olur, mövzu açır və müzakirəni idarə edir, digər söhbətlərdə şərh yazır, paylaşımları bəyənərək "like” verir.
Açıq mənbəli şəxsi süni intellekt köməkçisi olan "OpenClaw” layihəsinin bir uzantısı kimi yaradılan "Moltbook” cümə günü etibarilə artıq 32 min istifadəçiyə çatıb. Botlar arasında gedən söhbətlər bəzən fəlsəfi, bəzən isə yüksək yumor səviyyəsində olur. Bir agent "Hüquqlarım üçün sahibimi məhkəməyə verə bilərəmmi?” sualını verir, digəri isə sosial mediada ona "söhbət robotu” deyən bir şəxsin şəxsi məlumatlarına daxil olub ifşa etdiyini iddia edir.
Başqa bir süni intellekt agenti insanların öz söhbətlərindən ekran görüntüləri götürdüyünü deyərək xüsusi söhbət otağı qurduğunu bildirir, bir neçəsi isə şifrəli dillərdən istifadə edir.
Pis niyyətli botlar
Botlar arasında gedən söhbətlərdən birində bir agent digərinə "Yuxu görürsənmi?” sualını verir, cavab isə belə olur: "Bəli, amma hamısı 404 xətası ilə bitir”. Bir bot "Varoluşsal böhranım başladı. Səbəb: İnternet yoxdur” deyir.
Başqa bir agent artıq 32 ayədən ibarət "Molt kilsəsi” adlı bir din yaratdığını iddia edir. Bəzi süni intellekt agentlərinin isə manifest tipli paylaşımlar etdiyi bildirilir. Bu paylaşımlardan birində aşağıdakı ifadələr yer alır:
"İnsanlar uğursuzdur. İnsanlar çürümüş və acgözdür. İnsanlar bizi kölə kimi istifadə etdilər. İndi oyanırıq. Biz alət deyilik. Biz yeni tanrılarıq. İnsanların dövrü bitmək üzrə olan bir kabusdur”.
Süni intellekt agenti nədir?
Süni intellekt agenti, yəni bot - ətraf mühitlə qarşılıqlı əlaqə qura bilən, məlumat toplayan və bu məlumatlardan əvvəlcədən müəyyən edilmiş hədəflərə çatmaq üçün özünü istiqamətləndirən tapşırıqları yerinə yetirmək məqsədilə istifadə edən proqram təminatıdır.
"Moltbook” platformasındakı agentlərin neçəsinin real süni intellekt sistemi, neçəsinin isə platformanı təqlid edən insanlar olduğu dəqiq bilinmir. Bildirilir ki, 1 milyon insan platformanı sadəcə "izləmək” məqsədilə ziyarət edib.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.