ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 fevral, Günel Türksoy, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin də vurğuladığı “Gənclər bizim gələcəyimizdir” fikrinin məsuliyyətini dərk edir, istər şəxsi inkişaf, istər təhsil, istərsə də digər sahələrdə daim çalışaraq ölkəmizin gələcəyi üçün töhfə verməyə səy göstəririk. Məqsədimiz Azərbaycanı gələcəkdə həm daxildə, həm də beynəlxalq arenada layiqincə təmsil etməkdir. Əlbəttə ki, bütün bunların əsasında ölkəmizdə gənclərə göstərilən diqqət və dəstək dayanır. Ulu Öndərin 1997-ci ildə fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etməsi dövlətimizin gənclərə verdiyi önəmin bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Osman Müşəyev deyib.
O, ölkəmizdə gənclər üçün müxtəlif imkanlar yaradıldığını qeyd edib. Bildirib ki, könüllülük və təcrübə proqramları həyata keçirilir, universitetlərdə və tələbə gənclər təşkilatlarında gənclərin fəallığının artırılması, komanda işi və liderlik bacarıqlarının inkişafı üçün mühüm addımlar atılır: "Hazırkı dövrdə Prezident İlham Əliyev tərəfindən də gənclərə daim dəstək göstərilir. Gənclərin peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində mühüm işlər görülür. Biz də gənclər olaraq bu etimadı doğrultmağa, ölkəmizi gələcəkdə layiqincə təmsil etməyə borcluyuq. Vətən müharibəsində biz igidlərimizin qəhrəmanlığını gördük. Şəhidlərimiz Vətən uğrunda canlarını fəda etdilər. Biz də hər bir sahədə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Bu baxımdan da müasir Azərbaycan gənci, ilk növbədə, vətənpərvər olmalıdır. Vətənini sevən və ona sadiq olan gənc gələcəkdə ölkəsini istənilən arenada uğurla təmsil edə bilər. Bununla yanaşı, gənclər daim öz üzərlərində işləməli, məsuliyyətli, yenilikçi olmalı, yeni ideyalardan çəkinməməli və təşəbbüskar davranmalıdırlar. Ən vacib xüsusiyyətlərdən biri də liderlik bacarıqlarıdır. Bu bacarıqlar gənclik dövründə tələbə gənclər təşkilatlarında və müxtəlif ictimai fəaliyyətlərdə iştirak etməklə formalaşır”.
Qeyd edək ki, fəal gənclərin AZƏRTAC-a verdikləri açıqlamalarla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.