EN

Çəhrayı gözlük Məryəm Bağırova yazır

ain.az bildirir, 525.az portalına istinadən.

Məryəm Bağırova

İnsan hər zaman açıq-aşkar yalanla özünü aldatmaz. Bəzən yalanı romantikləşdirərək gözəlliyə çevirir: ağrını ipək sözlərin arxasında gizləyir, faciəni estetik bir çərçivəyə salır, əsarəti isə “şərait” adıyla qızıl qəfəs kimi qəbul edir. Bu, həyatımızın arxa fonunda tez-tez rast gəlinən, adını nadir hallarda dilə gətirdiyimiz bir haldır. “Çəhrayı gözlük effekti” - gerçəyin üzərinə çəkilmiş incə bir illüziya pərdəsidir. Bir şey pisdirsə, pisdir. Ona çəhrayı rəng vermək, adını dəyişmək, üzərinə romantika qatmaq mahiyyəti dəyişmir. Sadəcə insanın baxışını aldadır, amma gerçək dəyişmir. İnsan beyni ağrını sevmir. Ona görə də reallıq dözülməz olanda onu yenidən dizayn edir. Həyatın kəskin künclərini yonur, təhlükəli həqiqətləri estetikləşdirir. Bu mexanizm qısa müddətdə qoruyucudur, amma uzun müddətdə insanı gerçəklikdən uzaqlaşdırır.

“Quşa qızıl qəfəs də zindandır”. Bu aforizm sadə görünsə də, dərin psixoloji həqiqəti ifadə edir. Qəfəsin materialı dəyişə bilər, amma funksiyası dəyişmir. Azad olmayan quş üçün rahatlıq kifayət etmir. O, uçmaq azadlığından məhrumdursa, artıq daxili bir zindandadır. Qızıl qəfəs - sadəcə bəzədilmiş əsarətdir.

“Zindan qızıldan olsa da, dustaq dustaqdır”. Bu fikir insanın özünü necə əsaslandırdığını açıq göstərir. “Ən azından pis deyil”, “daha betəri də var”, “şükür, şərtlər yaxşıdır” kimi cümlələr çox vaxt həqiqəti qəbul etməməyin mədəni formasıdır. Psixoloji baxımdan bu, travma ilə barışmaqdır. Amma barışmaq sağalmaq deyil, sadəcə ağrını susdurmaqdır.

“Tabutun rəngi çəhrayı olsa da, içindəki yenə də cənazədir”. Bu aforizm həyatın ən sərt, amma ən dürüst cümlələrindən biridir. Ölümün, sonun, bitişin rəngi yoxdur. Biz onu çəhrayı edəndə, sadəcə baxmağa cəsarət tapırıq. Bu fikir münasibətlərdə, həyati qərarlarda, yanlış yollarda çox aydın görünür. Bitmiş bir şeyə ad qoymaqdan qorxuruq. “Bəlkə hələ şans var” deyirik. Halbuki bəzən gerçəyi qəbul etmək davam etməkdən daha sağlamdır.

“Bir faciəni nə qədər bəzəsəniz də, onun mahiyyəti dəyişmir”. Faciə bəzədikcə yox olmur, sadəcə gec hiss olunur. İnsanlar çox vaxt “vaxt keçər”, “düzələr”, “bəlkə dəyişər” deyərək qaçınılmaz sonu gözəlləşdirirlər. Bu isə psixologiyada gecikmiş sarsıntıya səbəb olur.

Çəhrayı gözlük qırıldıqda insan iki dəfə ağrı yaşayır: biri gerçəyin özü, digəri isə özünü aldatdığı müddət üçün. İnsan təkcə indini yox, keçmişi də çəhrayılaşdırır. Hətta yaşamadığı keçmişi belə. Bu hissin adı var: “Anemoia”. Heç vaxt yaşamamış olduğun bir dövr üçün duyulan qəribə darıxma, xatirəsiz nostalji hissinə deyilir. İnsan köhnə fotolara baxır, keçmiş musiqilərə qulaq asır və deyir: “O vaxtlar hər şey daha saf idi”. Halbuki o dövrdə yaşamayıb. Sadəcə beynin boşluqlarını romantika ilə doldurur. Çünki yaşamadığımız keçmişin ağrısını bilmirik. Ona görə də onu ideal görürük. Romantikləşdirdiyimiz dövrlərdə də yoxsulluq vardı, müharibə vardı, qorxu vardı, qadınların, uşaqların, zəiflərin səsi boğulurdu. Biz bunları görmürük, çünki baxışımız selektivdir. Tarixi yox, estetikanı sevirik. Bu da bir həqiqətdir: keçmişi sevmək asandır, çünki onun məsuliyyəti yoxdur.

Çəhrayı gözlük insanı qoruyur, amma xilas etmir. Keçmişi romantikləşdirir, indini dözümlü göstərir, faciəni bəzəyir - amma həqiqəti dəyişmir. Bir şey pisdirsə, pisdir. Qəfəs qızıldandırsa da, azadlıq deyil. Tabut çəhrayıdırsa da, sondur. Artıq bəzəməyək.Adını dəyişməyək. Özümüzü sakitləşdirmək üçün gerçəyi yalanlaşdırmayaq. Dünyaya nə qara, nə də çəhrayı gözlüklə baxaq. Ən yaxşısı budur ki, şəffaf gözlə baxaq. Çünki yalnız şəffaf baxışla insan harada xoşbəxt, yaxud əsir olduğunu, nədən qaçdığını və nəyi dəyişdirə biləcəyini görə bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
525.az

1Sources