Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Nurlana Mustafayeva və Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodi Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor doktor Osman Emin tərəfindən birgə qələmə alınmış elmi məqalə beynəlxalq nüfuzlu Scopus indeksli elmi jurnalda dərc olunub.
AzEdu.az xəbər verir ki, filologiya elmləri doktoru, dosent Nurlana Mustafayevanın Türkiyə, Rusiya, Serbiya, ABŞ, Qazaxıstan, Albaniya və Macarıstanın beynəlxalq indeksli elmi jurnallarında da çoxsaylı məqalələri çap olunub.
“İki coğrafiya, tək ruh: İlhami Emin və Bəxtiyar Vahabzadə poeziyasında sufi dərinliyi” adlı məqalədə müasir türk ədəbiyyatında sufizm ənənələri müqayisəli şəkildə araşdırılır. Tədqiqatda fərqli coğrafi və mədəni mühitlərdə formalaşmış iki böyük türk şairinin yaradıcılığında mənəvi dərinlik, ruhani axtarış və sufi düşüncə tərzinin poetik təzahürləri elmi əsaslarla təhlil edilir.
Məqalədə İlhami Eminin poeziyasında fərdi-mistik yanaşma, insan ruhunun daxili aləmi və simvolik ifadə vasitələrinin ön plana çəkildiyi, Bəxtiyar Vahabzadənin yaradıcılığında isə sufizmin milli kimlik, tarixi yaddaş və ictimai şüur kontekstində təqdim edildiyi xüsusi vurğulanır. Klassik Şərq sufi poeziyasının təsirləri elmi faktlar əsasında əsaslandırılır. Bu nəşr Azərbaycan və Balkan türkologiyası arasında elmi əməkdaşlığın uğurlu nümunəsi olmaqla yanaşı, müasir filologiya sahəsində beynəlxalq səviyyədə mühüm elmi nailiyyət kimi dəyərləndirilir.