EN

Naxçıvanın Konstitusiyasında bunlar dəyişəcək – Qəbul edildi

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi qəbul edilib.

Busaat.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci səsvermədə təsdiq edilib.

Layihəyə əsasən, Azərbaycan Konstitusiyasında qeyd olunan Naxçıvan MR-in Azərbaycanın ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan MR-in Konstitusiyasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan MR ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Layihədə əlavə edilməsi nəzərdə tutulan digər dəyişiklik “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması” adlı maddədir. Bu maddədə Naxçıvan MR Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.

Konstitusiya Qanunu layihəsində nəzərdə tutulan digər dəyişiklik “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlı maddənin çıxarılmasıdır.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan MR Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək.

Layihədə həmçinin Azərbaycan Prezidentinin və ya Milli Məclisin təklifi ilə Naxçıvan MR Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Naxçıvan MR Ali Məclisinə seçkilər və Naxçıvan MR Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək.

Naxçıvan MR Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan MR-in ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.

Nəzərdə tutulan digər dəyişiklik Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir.

Bundan başqa, Naxçıvan MR Nazirlər Kabineti Naxçıvan MR Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Chosen
10
7
busaat.az

10Sources