“İmtahanların sayı həddindən artıq çoxdur. Elə olur ki, məktəbdə oxuyan uşaqlar il ərzində dörd dəfə imtahan verirlər. Hər imtahan dövrü isə həm şagirdlər, həm də valideynlər üçün əlavə gərginlik və uzunmüddətli hazırlıq prosesi deməkdir. Nəticədə dərslərin özü arxa plana keçir, əsas diqqət yalnız imtahanlara hazırlaşmağa yönəlir".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Sİyavuş Novruzov qeyd etdi.
Onun sözlərinə görə, bu səbəbdən hələ də məktəblərdə təhsilin forması və məzmunu ilə bağlı optimal bir model formalaşmayıb:
"Hesab edirəm ki, bu məsələ ilə bağlı Elm və təhsil komitəsində xüsusi dinləmə keçirilməlidir. Biz də bu müzakirələrdə iştirak edib fikirlərimizi bildirərdik. Çünki burada əsas diqqət mərkəzində uşaqlar dayanmalıdır. Onların təkcə dərs və imtahanlarla deyil, eyni zamanda idmanla məşğul olmağa, asudə vaxtlarını səmərəli keçirməyə, seçdikləri sahələrə - istər rəssamlıq, istər musiqi, istərsə də digər yaradıcılıq istiqamətlərinə vaxt ayırmağa imkanları olmalıdır. Hazırkı vəziyyətdə isə bir çox hallarda uşaqlar bu imkanlardan məhrum qalırlar".
Nuriyyə NATİQQIZI