EN

Azərbaycanın bank kartları sektorunda - «MASTERCARD»IN PAYI SÜRƏTLƏ AZALIR

Azərbaycanın ödəniş kartları ilə əməliyyatlar bazarında «Mastercard»ın payı kəskin azalıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü illə müqayisədə 2025-ci ildə ödəniş sistemləri bazarında «Visa»nın payı artıb, «Mastercard»ın payı isə azalıb.

Bu tendensiya ödəniş sistemlərinin fəaliyyəti üzrə hər iki göstəricidə – həm əməliyyat sayı, həm də əməliyatların həcmində müşahidə edilir.

Belə ki, 2025-ci ildə Azərbaycan banklarının kartları ilə ümumilikdə 246 milyon 242 min dəfə əməliyyat aparılıb və bu əməliyyatların ümumi məbləği 14 milyard 953,6 milyon manat olub.

2024-cü illə müqayisədə kartla əməliyyatların sayı 55 milyon və ya 29% artıq olub.

Əməliyyatların məbləği isə 2024-cü illə müqayisədə təqribən 2 milyard manat və ya 15% artıb.

Kartla hər əməliyyata düşən orta məbləğ isə kiçilib – 2024-cü ildə hər əməliyyatın orta məbləği təqribən 68 manat idisə, 2025-ci ildə bu rəqəm 61 manata enib.

2025-ci ildə ölkədə kartlar üzrə əməliyyatların 3-də 2-si və ya 160 milyonu «Visa» kartlarının payına düşüb (bütün əməliyyatların 65%-i). Onun əsas rəqəbi olan «Masterkard» kartları ilə 82,1 milyon əməliyyat edilib (33%).

2024-cü illə müqayisədə «Visa» kartları ilə əməliyyatların sayı təxminən 52% artıb. «Masterkard» kartları ilə əməliyyatlar isə cəmi 11% artıb.

Nəticədə əməliyyatların sayı üzrə «Masterkard» kartlarının payı 2024-cü ildəki 41%-dən 33%-ə yuvarlanıb.

Kartlarla əməliyyatların məbləğ üzrə həcmində də «Masterkard» geri qalır – 5 milyard 695 milyon manat və ya bütün əməliyyatların 38%-i. «Visa»nın əməliyyatlarının həcmi isə 9 milyard 184 milyon manat olub (bütün əməliyyatların 61%-i).

Ən əsas məqam - «Masterkard» kartları ilə əməliyyatların sayı artsa da, həcmində azalma var, 2024-cü ildə əməliyyat həcmi daha yüksək  - 5 milyard 761 milyon manat olmuşdu.

«Masterkard»la yanaşı, Azərbaycan bazarında «American Express» kartlarının da əməliyyatlarının sayı və əməliyyat həcmi azalmaqdadır. 2024-cü ildə bu kartlarla 7,9 milyon dəfə əməliyyat olmuşdusa, bu rəqəm 2025-ci ildə 7 milyona, əməliyyat həcmi isə 900 min manatdan 600 min manata düşüb. 
 

Chosen
17
fed.az

1Sources