Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, müşavirə iştirakçıları tərəfindən XRİTDX-nin inzibati binasında yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılmışdır.
Həmçinin, iştirakçılar tərəfindən müşavirənin başlanğıcında Ümummilli lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra müşavirədə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi üzrə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.
Tədbiri giriş nitqi ilə açan XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev qeyd edib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin gücləndirilməsi, dövlət informasiya ehtiyatlarının qorunması, kritik informasiya infrastrukturlarının dayanıqlığının artırılması ilə yanaşı, xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional və texnoloji imkanları genişlənib, müasir rabitə infrastrukturu daha da gücləndirilib və beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
İlqar Musayev çıxışında bildirib ki, hesabat dövründə dövlət informasiya resurslarının və istifadəçi mühitinin qorunması istiqamətində tətbiq edilən texnoloji həllər real nəticələrlə müşayiət olunmuşdur. O qeyd edib ki, “AzStateNet” şəbəkəsi üzrə istismara verilmiş yeni nəsil mühafizə avadanlığı vasitəsilə 450 milyona qədər zərərli keçid bloklanmış, o cümlədən onların 96.000 “Sandbox” mühafizə sistemi tərəfindən zərərverici tərkibli sənədlər kimi aşkarlanaraq zərərsizləşdirilmişdir.
Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət qurumlarının son istifadəçilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Xidmət tərəfindən 93 dövlət qurumunu əhatə edən, ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antivirus lisenziyası təqdim edilmişdir. Həmin sistem vasitəsilə 2025-ci il ərzində 6 205 200 zərərli aktivliyin qarşısı alınmışdır ki, bu da ötən illə müqayisədə təxminən 50,8% azalma deməkdir.
İlqar Musayev əlavə edib ki, Xidmət tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidməti üzrə 2025-ci il ərzində 17 milyondan artıq elektron məktub emal edilmiş, onların 12 milyonu istifadəçilərə çatdırılmış, 5 milyondan artıq məktub isə zərərli tərkibli olması səbəbindən bloklanmışdır. Bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 38,5% artım təşkil etdiyi vurğulanıb.
Bununla yanaşı, müşavirədə xüsusi rabitə infrastrukturunun modernləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat ötürülməsi proseslərinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin ehtiyatlılıq və davamlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm layihələr müzakirə olunub.
Hesabat dövründə kadr hazırlığı və bilik mübadiləsi istiqamətində mühüm nəticələrin əldə olunması qeyd edilib. Müşavirədə XRİTDX-nin təşəbbüsü ilə ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, praktik yönümlü təlim və laborator mühitlərinin yaradılması istiqamətində konkret tapşırıqlar verilib.
Müşavirə zamanı Xidmətin struktur bölmələri üzrə məsul şəxslərin hesabatları dinlənilib, görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, mövcud vəziyyət təhlil edilərək qarşıda duran vəzifələr müəyyən edilib.
Müşavirəyə yekun vuran Xidmət rəisi general-leytenant İlqar Musayev cari ildə qarşıda duran vəzifələrin icrası, xüsusi rabitə infrastrukturunun daha da gücləndirilməsi, texnoloji imkanların artırılması, insan resurslarının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.