EN

"İlk dəfə işə qəbul olunan gəncləri işə götürən müəssisələr üçün güzəştlər tətbiq olunsun"

"Gənclərin işə qəbulunda ciddi boşluqlar var".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev dedi.

Deputat təklif edir ki, gənclərin məşğulluğu ilə bağlı qanunvericilikdə dəyişikliklər edilsin və ilk dəfə işə qəbul olunan gəncləri işə götürən müəssisələr üçün vergi və sosial güzəştlər tətbiq olunsun:

"Bu addım işəgötürənlər üçün əlavə maliyyə yükünü azaldacaq, gənclər üçün isə real və davamlı iş imkanları yaradacaq. Eyni zamanda bu yanaşma dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində ilk iş yeri proqramlarının qanunla təsdiqinə zəmin yaradacaq. Sözügedən proqramlar formal və statistik məşğulluq məqsədi daşımamalı, konkret müddət, real bacarıqların formalaşdırılması və uzunmüddətli iş perspektivi üzərində qurulmalıdır. Bu təşəbbüsdə məqsəd yalnız gəncləri işlə təmin etmək deyil, gənc kadr potensialını formalaşdırmaq, insan kapitalına investisiya qoymaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq və mövcud, eləcə də gələcək əmək bazarı üçün sağlam rəqabət mühiti yaratmaqdır. Hesab edirəm ki, bu yanaşma və qanunvericilikdə ediləcək dəyişikliklər gənclər siyasətində sosial məsuliyyətlə iqtisadi səmərəlilik arasında düzgün balansın formalaşmasına, eyni zamanda gənclər arasında işsizliyin azalmasına real töhfə verə bilər".

Nuriyyə NATİQQIZI

 

Chosen
16
redaktor.az

1Sources