"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Vasif Qafarov deyib,
Deputat qeyd edib ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və gənclərlə iş sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi yaradıldı: "Ulu öndərin gənclərlə bağlı imzaladığı sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, eləcə də təşkilati-hüquqi əsaslarını müəyyən etdi.
Uğurlu təcrübələrin davam etdirilməsi və inkişafı bu siyasətin mühüm tərkib hissəsi oldu. Gənclərin xaricdə təhsil alması ənənəsi bərpa edildi, minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ölkələrində təhsil alması təmin olundu, istedadlı gənclərin təhsilə marağını artırmaq üçün ali məktəblərə yüksək balla qəbul olunan gənclərə "Prezident təqaüdü" verilməsi təşəbbüsü irəli sürüldü".
Onun sözlərinə görə, gənclərin təşkilatlanması və ictimai proseslərdə fəallığının artırılması məqsədilə Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı və ilk forumda gənclər qarşısında tarixi bir vəzifə qoyuldu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. İstedadlı gənclərə dövlət qayğısının institusional əsaslarla təmin edilməsi məqsədilə "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Fərman imzalandı, Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı" təsis edildi və bu kitaba adı yazılan gənclər üçün xüsusi təqaüd müəyyən olundu. Gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün "Dövlət gənclər siyasəti haqqında" Fərman imzalandı, tədbirlər planı təsdiq edildi və gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. Daha sonra "Gənclər siyasəti haqqında" Qanun qəbul edilərək bu sahənin hüquqi əsasları müəyyənləşdirildi".