EN

“ABŞ Azərbaycanın yeni geosiyasi reallıqlarını qəbul edir” - Zahid Oruc

“Qarabağ savaşı dövründə Azərbaycanın əleyhinə açıq mövqe sərgiləyən, dolayısı ilə Ermənistana maliyyə və siyasi dəstək göstərən ABŞ daxilində müəyyən siyasi dairələr mövcud olub. Lakin bu yanaşma ABŞ-ın bütün siyasi elitasını əhatə etməyib. Xüsusilə Donald Tramp administrasiyası dövründə Vaşinqtonun rəsmi mövqeyi Bakıya qarşı düşmənçilik üzərində qurulmayıb”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Donald Trampın Prezident İlham Əliyevə münasibəti yalnız cari siyasi maraqlarla deyil, Azərbaycanın strateji baxışları, regional və qlobal layihələrdə tutduğu mövqe, eləcə də Qarabağ zəfərinin yaratdığı yeni geosiyasi reallıqla bağlı olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyətli liderliyi, müstəqil siyasəti və çevik qərarvermə bacarığı ABŞ-da Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi lobbi qruplarının təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.

Zahid Oruc qeyd edib ki, ABŞ prezidentinin müxtəlif diplomatik platformalarda və sosial media hesablarında Prezident İlham Əliyevin liderliyini açıq şəkildə vurğulaması, onu güclü və etibarlı lider kimi təqdim etməsi bunu bir daha təsdiqləyir. Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı sanksiya təşəbbüsləri, mediada aparılan kampaniyalar və Qarabağda xristian abidələri ilə bağlı əsassız iddialar irəli sürülsə də, Tramp administrasiyası bu təxribatları rəsmi Bakı əleyhinə çevirməyib.

Onun sözlərinə görə, həmin dövrdə ABŞ–Ermənistan münasibətləri Azərbaycanın maraqları hesabına qurulmayıb, Vaşinqton regional reallıqları qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü və Prezident İlham Əliyevin məsuliyyətli liderliyini tanıyıb. ABŞ siyasi dairələrinin bir hissəsi neytral mövqe sərgiləsə də, Azərbaycan əleyhinə birbaşa hücum xətti seçilməyib.

Deputat 8 avqust Vaşinqton zirvəsini regionda uzun illər davam edən qarşıdurma və parçalanma tendensiyalarına son qoyan mühüm siyasi hadisə kimi qiymətləndirib. O, həmçinin 28 yanvar tarixində Davosda ABŞ rəhbərliyinin dövlət başçıları ilə keçirdiyi görüşləri Azərbaycanın beynəlxalq sülh platformalarında təsirli mövqeyinin göstəricisi kimi dəyərləndirib və Trampın barış təşəbbüsləri ilə Prezident İlham Əliyevin sülh missiyasının uzlaşdığını bildirib.

Zahid Oruc vurğulayıb ki, Qarabağ zəfəri Azərbaycanın yeni dünya düzənində qazandığı strateji geosiyasi statusun əsas təməlidir və bu qələbə ölkəmizi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısına çevirib. Onun sözlərinə görə, sülh platformaları və regional layihələr artıq təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından mühüm rol oynayır.

Deputat əlavə edib ki, Azərbaycan əleyhinə nifrət kampaniyaları aparan bəzi keçmiş siyasətçilərin və lobbiçilərin təzyiqlərinə baxmayaraq, rəsmi Vaşinqton bu cəhdlərə sistemli dəstək verməyib. ABŞ Dövlət Departamentinin Bakıda məhkəməsi keçirilən şəxslərlə bağlı mövqeyi də hüquqi proseslərin Azərbaycanın daxili işi kimi qəbul edildiyini göstərir.

Zahid Oruc ABŞ vitse-prezidentinin ölkəmizə gözlənilən səfərinin Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu səfər regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verə bilər: “Azərbaycan müharibə deyil, sülh tərəfdarı olduğunu ardıcıl şəkildə nümayiş etdirir və beynəlxalq tərəfdaşları ilə birlikdə regionda sabitliyin təmin olunmasına çalışır”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
5
1
sia.az

2Sources