EN

Dilarə Əliyeva: "Mən heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam"

"Mən heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam". Bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı Əməkdar artist Dilarə Əliyeva deyib.

 

O bildirib ki, "uşaqlıq travmaları" ifadəsinə çox ehtiyatla yanaşır:

 

"Hətta bəzən elə həmin sözün özü də travmaya çevrilir. Biz belə düşünməməliyik. Hər dövrün öz şərtləri, öz imkanları olub. O vaxt şərait nəyə icazə verirdisə, insanlar da o cür böyüyüb, o cür tərbiyə olunub. Qonaq gələndə uşağın qonaq otağından keçməməsi, böyükdən qalan paltarın kiçiyə geyindirilməsi, oyuncağın paylaşılması, bunlar hamısı o dövrün düşüncə tərzi idi.

 

İndi dayanıb demək olmaz ki, valideynlərimiz bizi sevməyiblər. Əksinə, onlar da seviblər, sadəcə sevgilərini bildikləri şəkildə göstəriblər. Onların qorxuları olub, yıxılarsan, nəsə olar, başına bir iş gələr. Bəzən bu qorxular sərt davranışlarla ifadə olunub. Amma bu da sevgidən doğub. İnsan sevmədiyi adama görə bu qədər narahat olmaz".

 

Dilarə Əliyeva qeyd edib ki, o, valideynlərini və böyüdüyü mühiti sevir:

 

"Bəli, bəzi şeylər daha fərqli ola bilərdi, amma olub. Biz 21-ci əsrdə yaşayırıq, amma 20-ci əsrin övladlarıyıq və o dövrün sovet psixologiyası hamımızın düşüncəsində olub. Ona görə də mən psixologiyaya bu cür yanaşmanı doğru hesab etmirəm. Mütləq şəkildə "gəl uşaqlıq travmanı açaq, valideynini bağışla, yoxsa xoşbəxt olmayacaqsan..." Mən heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam. Bu yanaşmanın adını belə qoymayaq.

 

Şərait belə gətirib, həyat belə formalaşıb. Sən o ailədə böyümüsən, indi isə öz həyatına davam edirsən. Valideynini travma mənbəyi kimi yox, səni dünyaya gətirən, böyüdən insanlar kimi qəbul etməlisən. Əlbəttə, hansısa qadağalar sənin xoşuna gəlməyibsə, bu, artıq sənin övladınla münasibətində fərqli davranmağına səbəb ola bilər. Mən, məsələn, Vüsalın qızları ilə münasibətini çox bəyənirəm. Onlarla ünsiyyəti, yanaşması xoşuma gəlir. Qızlar nə istəsə gəlib rahat ona deyirlər. Eyni zamanda, xoşlarına gəlməyən şeyləri də deyirlər. Vüsal da onları çox gözəl anlayır".

Tarix: 2 Fevral 2026, 11:32   
Chosen
4
2
pravda.az

3Sources