EN

Azərbaycanda innovasiya ekosistemi beş əsas strateji istiqamət üzrə formalaşdırılır - İRİA

BAKI,TurkicWorld

Ötən il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ölkədə innovasiya ekosisteminin formalaşdırılması məqsədilə beş əsas istiqamət üzrə ardıcıl fəaliyyət həyata keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Agentliyin illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında İRİA-nın idarə heyətinin sədri Fərid Osmanov məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətlərə innovasiya infrastrukturlarının yaradılması, maliyyə resurslarına çıxış imkanlarının artırılması, müvafiq bilik və bacarıqlara malik insan kapitalının inkişafı, yerli startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi və ümumilikdə innovasiya mədəniyyətinin təşviqi daxildir.

Bildirilib ki, Agentliyin ötən il ərzində gördüyü bütün işlər məhz bu beş istiqamət üzrə planlaşdırılıb və icra olunub. F. Osmanov qeyd edib ki, hesabat dövründə yerli və beynəlxalq tərəfdaşlarla birgə müxtəlif hakatonlar, akselerasiya proqramları və təhsil yönümlü təşəbbüslər həyata keçirilib, innovativ layihələrin reallaşdırılması təmin olunub. Son üç il ərzində bu sahədə mühüm nəticələr əldə edildiyini vurğulayan sədr bildirib ki, artıq formalaşdırılmış məhsulların ekosistem daxilində fəaliyyəti Agentlik tərəfindən dəstəklənir, izlənilir və monitorinq olunur.

O, həmçinin paytaxtla yanaşı regionlarda da innovasiya mühitinin inkişafına xüsusi diqqət ayrıldığını deyib. Belə ki, Lənkəran, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində innovasiya fəaliyyətinin təşviqi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib və bu çərçivədə 10-dan çox proqram ali və orta təhsil müəssisələri ilə əməkdaşlıq əsasında icra olunub.

Osmanovun sözlərinə görə, ötən il innovasiya ekosisteminin gücləndirilməsi məqsədilə 20-dən artıq startap ölkədə yaradılmış xüsusi maliyyələşmə modeli vasitəsilə dəstəklənib. O əlavə edib ki, maliyyələşmə imkanlarının daha da genişləndirilməsi üçün müvafiq qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsi istiqamətində işlər aparılıb və bu proses aidiyyəti dövlət qurumları ilə birgə artıq yekunlaşmaq üzrədir.

Chosen
13
turkic.world

1Sources