Çin prezidenti Si Szinpin yuanı qlobal ehtiyat valyutasına çevirməyə çağırıb. Rəsmi Pekin beynəlxalq pul sistemində daha vacib rol oynamağa çalışır...
Poliqon xəbər verir ki, bunu Financial Times yazıb.
Qəzet qeyd edir ki, Çin lideri ölkənin beynəlxalq ticarət, investisiya və valyuta bazarlarında geniş istifadə edilə bilən və ehtiyat valyutası statusu əldə edə bilən "güclü valyuta" yaratmalı olduğunu bildirib.
Çin hakimiyyəti uzun müddətdir ki, yuanın beynəlmiləlləşməsini təşviq etməyə çalışır. Si Szinpinin sözlərinə görə, bu məqsədə çatmaq üçün Pekin pul siyasətini effektiv şəkildə idarə edə bilən "güclü mərkəzi bank", qlobal rəqabətə davamlı maliyyə institutları və "qlobal kapitalı cəlb etmək və qlobal qiymətlərə təsir göstərmək" qabiliyyətinə malik beynəlxalq maliyyə mərkəzləri yaratmalıdır.
"Pekin yuanın ciddi bir qlobal valyutaya çevrilməsini istəyir - mütləq dolları bir gecədə əvəz etmək üçün deyil, çökən qlobal maliyyə nizamında ABŞ-ın təsirini məhdudlaşdırmaq üçün strateji əks çəkiyə çevrilmək üçün", deyə Asiya Qrupunun Çin üzrə eksperti Han Şen Lin bildirib.
Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı işğalından bəri yuan qlobal ticarət maliyyəsində ikinci ən böyük valyutaya çevrilib, lakin rəsmi ehtiyatlardakı rolu məhdud olaraq qalır. BVF-nin məlumatına görə, 2025-ci ilin üçüncü rübü etibarilə dolların qlobal ehtiyatlardakı payı 2000-ci ildəki 71%-dən təxminən 57%, avronun payı isə təxminən 20% olub. Yuan cəmi 1,93% payla altıncı yerdə qərarlaşıb.
Çinin daxili artımı canlandırmaq və yeni texnologiyaların inkişaf etdirilməsi prioritetləri yuanın uzunmüddətli perspektivdə möhkəmlənməsinə kömək edəcək, "China Galaxy Securities" şirkətinin baş iqtisadçısı Çjan Cun bildirib.
Poliqon.info