Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ölkədə sənədsiz evlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, bu problem illərdir minlərlə ailənin mülkiyyət hüquqlarını qeyri-müəyyən vəziyyətdə saxlayır. Rəsmi çıxarışı olmayan yaşayış evləri nə alqı-satqı zamanı hüquqi təminat verir, nə də kommunal və infrastruktur xidmətlərinə çıxışı asanlaşdırır. Mövcud qanunvericilik isə bu cür tikililərin leqallaşdırılması prosesini uzun və mürəkkəb prosedurlara bağlayır. Vətəndaşlar həm maddi, həm də hüquqi risklərlə üz-üzə qalır. Şəhərsalma və torpaq idarəçiliyində rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə problemin daha çevik və sistemli həlli zərurəti getdikcə aktuallaşır.Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə ilbəil qanunsuz tikililərin sayı artmaqdadır:“Düzdür, bu artım əvvəlki illərlə müqayisədə eyni templə davam etmir. Təxminən 10 il əvvəl ilk dəfə olaraq qanunsuz tikililərin qarşısının alınması və bu sahədə müəyyən legallaşma işlərinin aparılması ilə bağlı fikirlər səsləndirilməyə başlanmışdı. Bu mövzu müxtəlif mənbələrdə müzakirə olunurdu. 2019-cu ildə isə mən və bir neçə daşınmaz əmlak üzrə ekspert bu istiqamətdə açıq şəkildə çıxış etdik. Həmin il yeni tikilmiş binaların sadələşdirilmiş qaydada istismara qəbul olunması ilə bağlı müvafiq fərman verildi. Bu, 2019-cu ilin əvvəllərinə təsadüf edirdi. Eyni dövrdə biz daşınmaz əmlak məsələləri üzrə dövlət xidmətinə müraciət etdik və konsepsiyanın hazırlanması ilə bağlı müəyyən fikirlər səsləndirildi. Sonrakı mərhələdə yerli icra hakimiyyətləri öz ərazilərində mövcud olan qanunsuz tikililərin ilkin qeydiyyatını aparmağa başladılar. Lakin pandemiya dövrü bu prosesin tam başa çatmasına mane oldu”.O deyib ki, hazırda ölkədə qanunsuz tikililərin leqallaşdırılması üçün ayrıca hüquqi-normativ baza və qanuni əsaslar mövcud olmadığından, bu məsələni sadəcə sərəncam və ya fərmanla həll etmək mümkün deyil:“Son bir il ərzində daşınmaz əmlak üzrə dövlət reyestrinin siyahısına əlavə bir mexanizm daxil edildi. Belə ki, icra orqanları tərəfindən Sovet dövründə və sonrakı illərdə verilmiş bəzi sərəncamların tanınması prosesi nəzərdə tutuldu. Bu mexanizm təxminən 100 minə yaxın qanunsuz evi əhatə edir. Ümumilikdə isə ölkə üzrə qanunsuz tikililərin sayının 600–700 min civarında olduğu bildirilir. Onların böyük hissəsi Bakı və Abşeron ərazisində, qalan hissəsi isə regionlarda yerləşir. Bu problemin həlli üçün bir neçə istiqamət mövcuddur. Bunlardan biri rəqəmsallaşma və müasir texnologiyalardan istifadədir. Bu, şübhəsiz ki, çıxış yollarından biridir. Lakin ilk növbədə qanunsuz tikililərin coğrafi baxımdan rəqəmsal xəritələşdirilməsi və təhlili aparılmalıdır. Bu ərazilərin böyük hissəsi vaxtilə şəhərsalma planlarına daxil edilmədiyinə görə, onların yaşayış məntəqəsi kimi dövlət tərəfindən tanınması vacibdir. Digər mühüm məsələ isə bu evlərin şəhərsalma və hüquqi normalara uyğun şəkildə tikilməməsidir. Bəzi ərazilərdə evlər həddindən artıq sıx şəkildə, təhlükəsizlik tələbləri nəzərə alınmadan inşa edilib. Məsələn, Masazır, Zabrat, Sabunçu, Xırdalan və paytaxta bitişik digər ərazilərdə evlər bir-birinə divar-divara bitişik vəziyyətdə tikilib. Bu isə real təhlükə mənbəyidir. Gələcəkdə bu tikililərin tanınması və mümkün leqallaşması zamanı həmin risklər mütləq nəzərə alınmalıdır”.Sənədsiz evdə yaşayan vətəndaş üçün bu prosesin sürətlənməsi illərdir davam edən hüquqi qeyri-müəyyənliyin sona çatması deməkdir. Çıxarışın (kupçanın) olması vətəndaşa imkan verəcək ki, öz evini rəsmi qaydada sata bilsin, bankdan kredit götürərkən girov kimi istifadə etsin və ən əsası, kommunal xidmətlərin çəkilməsində heç bir maneə ilə qarşılaşmasın. Bu həm də miras və bağışlanma kimi mülkiyyət məsələlərində ailədaxili mübahisələrin hüquqi müstəvidə həllinə şərait yaradacaq.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.