EN

UKRAYNA DANIŞIQLARI NİYƏ TƏXİRƏ SALINDI? Dmitriyev Uitkoff görüşünün pərdəarxası...

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukraynadakı müharibənin sona çatması ilə bağlı danışıqların ikinci mərhələsi Rusiya və ABŞ nümayəndələri arasında Floridada keçirilən görüşdən sonra təxirə salınıb. “AzPolitika” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlum olduğu kimi, əvvəl əldə edilmiş razılığa görə, Əbu-Dabidə 1-ci mərhələsi baş tutan üçtərəfli danışıqların 2-ci mərhələsinin fevralın 1-də keçirilməsi nəzərdə tutulurdu. Hətta tərəflər arasında enerji atəşkəsi də məhz bu tarixə bağlı idi. Belə ki, Rusiya tərəfi Ukraynanın enerji infrastrukturuna fevralın 1-nə, yəni, danışıqların növbəti mərhələsinə qədər zərbə endirməyəcəyinə razılıq verdiyini bəyan etmişdi. Qeyd edək ki, buna baxmayaraq, Rusiya ötən günlərdə enerji obyektlərini vurmasa da, Ukraynada müxtəlif digər mülki hədəfləri vurmaqda davam edib. Ötən gün isə Dneprdə işdən qayıdan şaxtaçıların avtobusuna PUA hücumu nəticəsində 20-yə yaxın mülki şəxs həlak olub...

"The New York Times" qəzeti yazır ki, 1 fevral tarixinə nəzrdə tutulan Ukrayna danışıqları ən azı 4-5 fevrala qədər təxirə salınıb. Lakin bu tarixlər də hələ dəqiq deyil.

Məsələ ondadır ki, fevralın 1-nə nəzərdə tutulan danışıqlar ərəfəsində - yanvarın 31-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Floridada Vladimir Putinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevlə görüşüb. Ukrayna bu görüşdə iştirak etməyib. Bu görüşün və oradakı müzakirələrin təfərrüatları açıqlanmır. Lakin Uitkoff görüşü "məhsuldar və konstruktiv" adlandırıb. O əlavə edib ki, guya bu görüş Rusiyanın "Ukraynada sülhün təmin edilməsi üçün çalışmağa" hazır olduğunu nümayiş etdirir. Buna baxmayaraq, fevralın 1-nə təyin olunan görüş təxirə salınıb. Səbəblər barədə tərəflər heç bir açıqlama vermir. Ukrayna tərəfi isə ümumiyyətlə, prosesdən kənar buraxılmış kimi görünür.

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqalrın təxirə salınmasını 1 fevral səhər elan edib. O, Ukraynanın substantiv dialoqa hazır olduğunu və danışıqların "müharibənin real və ləyaqətli sonluğuna" yaxınlaşmasını təmin etməsində maraqlı olduğunu vurğulayıb. Lakin o da gecikmənin səbəbləri barədə heç nə deməyib. Analitiklər isə danışıqların təxirə salınmasını Ukraynanı kənarda qoyaraq, Kreml və Ağ Ev arasında hansısa məsələlərin razılaşdırılması və ortaq mövqedən çıxış etməsi prosesi ilə əlaqələndirirlər. Çoxları bunu həm də ərazi güzəşti məsələsində Kiyevə qarşı daha hansı təzyiq vasitələrinin işə salınması mövzusu ilə bağlayırlar. Lakin gerçək və daha dəqiq səbəblər hələlik rəsmi səviyyədə açıqlanmır.

Qeyd edək ki, daha əvvəl, 30 yanvarda Zelenski Yaxın Şərqdəki gərginlik və ABŞ-nin İrana mümkün zərbəsi səbəbindən danışıqların təxirə salına biləcəyi versiyasını irəli sürmüşdü. Lakin araya Uitkoff-Dmitriyev görüşünün girməsi bu versiyanı zəiflədir. İran ətrafında baş verən proses isə qeyri-müəyyənliyini saxlayır.Donald Tramp İranla bağlı sonrakı hərəkətlər barədə yekun qərar verib-vermədiyinə dair sualları cavabsız qoyur.

Xatırladaq ki, Ukraynada nizamlanma üzrə əvvəlki danışıqlar raundu 23-24 yanvar tarixlərində BƏƏ-də baş tutmuşdu. ABŞ görüşü müsbət qiymətləndirdi və Kiyev də bununla razılaşdı. Məlumatlara görə, ən böyük irəliləyiş hərbi blokda əldə edilib: tərəflər atəşkəsdən sonra qüvvələrin mümkün şəkildə ayrılmasını, atəşkəs monitorinq mexanizmlərini və koordinasiya mərkəzinin yaradılmasını müzakirə ediblər və növbəti görüşə qədər atəşkəs üçün təkliflər hazırlamağa razılaşıblar. Lakin əsas məsələ - ərazi məsələləri hələ də həll olunmayıb.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources