Rusiyalı teleaparıcı Starlink sisteminin sıradan çıxarılması üçün nüvə silahından istifadə ideyasını səsləndirib..
Poliqon xəbər verir ki, Rusiyanın tanınmış təbliğatçısı və teleaparıcısı Vladimir Solovyov kosmosda nüvə silahının partladılmasını təklif edərək, bununla da İlon Maskın peyk şəbəkəsinin məhv edilə biləcəyini iddia edib. Onun sözlərinə görə, hazırda Maskın üzərində çalışdığı və fəaliyyət göstərən texnologiyalar “Rusiyaya qarşı müharibənin maraqlarına xidmət edir”.
Solovyov bu səbəbdən Starlink peyklərinin Rusiya üçün “qanuni hədəf” sayılmalı olduğunu vurğulayıb. O, kosmosda bir dəfə nüvə partlayışı həyata keçirilməsinin peyk rabitəsini ciddi şəkildə sıradan çıxara biləcəyini söyləyib.
Teleaparıcı çıxışında bu addımın Rusiyanın öz peyklərinə də zərər verəcəyini etiraf etsə də, bunu “böyük itki” hesab etmədiyini bildirib. Solovyovun fikrincə, Rusiya peyk texnologiyalarında geridə qaldığı üçün belə bir ssenaridə itkilər “kritik olmayacaq” və hətta “poçt göyərçinlərinə keçmək” kimi ironik ifadə ilə vəziyyəti lağa qoymağa çalışıb.
Qeyd edək ki, Starlink peyk internet sistemi xüsusilə münaqişə zonalarında rabitənin təmin olunmasında mühüm rol oynayır və bir sıra ölkələrdə, o cümlədən Ukraynada hərbi və mülki infrastruktura dəstək məqsədilə istifadə edildiyi bildirilir. Bu baxımdan Solovyovun səsləndirdiyi təklif həm beynəlxalq hüquq, həm də qlobal təhlükəsizlik kontekstində ciddi narahatlıq doğura biləcək radikal çağırış kimi qiymətləndirilir.
Müşahidəçilər hesab edirlər ki, kosmosda nüvə partlayışı yalnız konkret peyk şəbəkəsini deyil, ümumilikdə orbitdə olan çoxsaylı mülki peykləri sıradan çıxara, qlobal rabitə, naviqasiya və hava proqnozu sistemlərinə ağır zərbə vura bilər. Bu isə həm dövlətlər, həm də kommersiya şirkətləri üçün genişmiqyaslı texnoloji və iqtisadi fəsadlar yarada bilər.
Poliqon.info