
Müasir dövrdə dövlətlərin milli təhlükəsizliyi yalnız hərbi və iqtisadi amillərlə deyil, həm də informasiya məkanının təmizliyi ilə birbaşa bağlıdır. Lakin hazırda Azərbaycanın media mühitində mədəni dəyərlərə və peşə etikasına zidd olan ciddi bir aşınma prosesi müşahidə olunur. Bu problem təkcə peşəkar standartların itirilməsi deyil, həm də dövlətin xarici təbliğat cəbhəsindəki mövqelərini zəiflədə biləcək strateji boşluqdur.
Media subyektləri, daha çox da fərdi olaraq jurnalistlər ictimai rəyin formalaşmasında mühüm filtr rolunu oynamalı olduqları halda, bir çox hallarda marjinal ritorikanın, təhqir və aşağılayıcı leksikanın əsas platformasına çevrilirlər. Bu məqamda bir sual yaranır: dövlətin ideoloji xəttini və ictimai əxlaqı qorumalı olduğu halda söyüşlə, təhqirlə, şantajla gündəmdə qalmağa çalışan jurnalistlər, onların çalışdıqları media subyektləri niyə bütün siyahılarda başdadırlar?
Jurnalistika fəaliyyəti etik çərçivələrdən və intellektual filtrdən məhrum olduğu təqdirdə, o, artıq ictimai institut deyil, sosial deqradasiyaya xidmət edən bir alətə çevrilir. Söyüş və təhqiri əsas diskurs kimi seçən şəxslərin "jurnalist" statusu daşıması, peşənin funksional mahiyyətini məhvə aparır.
Xaricdən gələn dezinformasiya hücumlarına və destruktiv təbliğata qarşı mübarizə apardığımız bir dövrdə, daxili media məkanında hökm sürən intellektual səviyyəsizlik bizim ən həssas nöqtəmizdir. Biz xaricdəkilərin söyüş makinalarına qarşı mübarizə apararkən, daxildəki bəzi media nümayəndələrinin qeyri-etik davranışı əks-arqument kimi qarşımıza çıxarılır, “filan həmkarının filan çıxışına bax” sözü ilə tez-tez qarşılaşırıq. Bu isə Azərbaycanın xaricdəki reputasiyasının qorunmasını çətinləşdirir və dövlətin yumşaq güc imkanlarını sarsıdır.
Mövcud vəziyyət artıq fərdi müstəvidən çıxaraq ümummilli mənəvi aşınma həddinə çatıb. Klaviatura arxasında, kamera qarşısında oturan “jurnalist”lərin ailə dəyərlərini, qadın, uşaq və valideyn toxunulmazlığını hədəf alması cəmiyyətin fundamental dayaqlarına qarşı yönəlmiş bir təhdiddir. Artıq həyəcan təbili çalmağın vaxtıdır: milli etik kodlar "reytinq" xatirinə qurban verilir.
Vəziyyət kritik həddədir və bu, sadəcə jurnalistlərin deyil, həm də tənzimləyici orqanların birbaşa müdaxiləsini tələb edir. İnformasiya məkanının bu cür çirklənməsi dövlətin ideoloji təhlükəsizliyinə qarşı daxili sabotajdır. Əgər daxildəki bu etik boşluq və üfunət qapadılmazsa, xaricdən gələn söyüşlərə qarşı aparılan mübarizə heç bir əhəmiyyət kəsb etməyəcək. Xüsusilə dövlət dəstəyi alan media quruluşları üçün sərt etik meyarlar və məsuliyyət mexanizmləri dərhal tətbiq olunmalıdır.
ATABƏY