EN

Zinyət Əliyeva: “İndi Azərbaycan dili dəbdədir”

“Ana dilimizə verilən dəyər bizim ona olan yanaşmamızdan asılıdır. Televiziya kanalları, radio proqramları, bir sözlə, insanlar üçün daha əlçatan olan bütün mənbələr bu işdə ciddi məsuliyyət daşıyır. Bir jurnalist televiziya vasitəsilə dilimizdə olan sözü başqa dildəki ifadəsi ilə dəyişirsə, onun bu dilə hörməti və sevgisi sorğulanmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Diksiya Akademiyasının nitq mütəxəssisi Zinyət Əliyeva deyib.

 

O, televiziya aparıcılarının istifadə etdiyi yanlış kəlmələrdən bəhs edib: “Məsələn, aparıcı qonağını təqdim edərkən deyir ki, “İndi isə çox asaletli bir müğənnimizi dəvət edirik”. Bu ifadə üçün “əsilzadə”, “zadəgan” deyə bilərik. Ya da kimin üçünsə “çox çəkicidir” deyirlər. Ola bilər ki, “gözəl” demək sizə bəsit gələ bilər. O halda “çəkici” ifadəsinə bərabər “əsrarəngiz” sözünü işlədə bilərsiniz”. Aparıcıların nitqindəki böyük səhvlərdən biri də dilimizdə olan sözləri elə bu dildə də yanlış işlətməkdir. Məsələn, narazıçılıq (narazılıq), narahatçılıq (narahatlıq), ilk öncə (ilk olaraq, əvvəla), qəbiristanlıq (qəbirstan), çatışmamazlıq (çatışmazlıq), məhşur (məşhur), bu arada (yeri gəlmişkən), arxa fon (arxa plan) deyirlər. Bu siyahını uzatmaq olar. Hər bir halda sözlərin doğru tələffüzünü bilmiriksə, öyrənməliyik. Öz dilimizi bilirik deyə hər sözü necə gəldi işlətmək də doğru deyil. Terminlər dili zənginləşdirir. Onlardan istifadə məqsədəuyğundur. Varvarizmlər isə ümumiyyətlə yolverilməzdir. Dilimizdə gözəl və yerində danışmaq, efirlərdə bu dili düzgün şəkildə təqdim etmək lazımdır. Xüsusilə “qeybət” formatında, daha çox ləhcə və bayağı dillə təqdim edilərsə, dil öz zənginliyini itirər. Halbuki bu dilin daha böyük istifadə dairəsi olmalıdır. Yanlız o halda bu dilin nə qədər qiymətli olduğunu görmüş, göstərmiş olarıq. Dilimizi qoruyub sevək. Gələcək nəsillərə zəngin dilimizi miras qoyaq. Unutmayaq ki, indi Azərbaycan dili dəbdədir”.

 

Şəhanə Quliyeva

Tarix: 2 Fevral 2026, 09:42   
Chosen
9
pravda.az

1Sources