EN

İqtisad Universitetinin tabeçiliyində olan kollecinin direktoru və hüquqşünası arasında qalmaqalla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecinin hüquqşünası olmuş Aynurə Muradova ilə kollecin direktoru Sevinc Həmzəyeva arasında xüsusi ittiham qaydasında məhkəməyə çəkişməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecinin hüquqşünası olmuş Aynurə Muradova kollecin direktoru Sevinc Həmzəyevanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Hüquqşünas məhkəməyə şikayətində direktorun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.


Məlumata görə, Aynurə Muradova Nizami Rayon Məhkəməsinə ərizəsində göstərib ki, kollecdə hüquqşünas işlədiyi dövrdə rəhbərliyin, xüsusilə də direktor Sevinc Həmzəyevanın davamlı təzyiqlərinə, əsassız cəzalara, böhtan və təhqirlərə məruz qalıb. Onun sözlərinə görə, kollecdəki qanunsuzluqlar barədə şikayətlərindən sonra təzyiqlər güclənib, direktor media orqanlarına açıqlamalarında onun haqqında təhqir və böhtan xarakterli fikirlər səsləndirib.


Hüquqşünas qeyd edib ki, onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna zərbə vuran materiallar sosial şəbəkələrdə yayılanda kollecin müəllimlərinə də təzyiq göstərilir ki, onlar aşağılayıcı şərhlər yazsınlar.


Aynurə Muradova məhkəməyə direktorun səs yazılarını da təqdim edib. Sevinc Həmzəyevanın vəkili isə müvəkkilinin ünvanına səsləndirilən ittihamları rədd edib. O, hüquqşünasın şikayətinin əsassız olduğunu bildirib və icraata götürülməməsini xahiş edib. Məhkəmə də direktora qarşı şikayəti icraata götürüb araşdırmaqdan imtina edib.
 

Kamal Məmmədov 


Tarix: 2 Fevral 2026, 09:21   
Chosen
20
pravda.az

1Sources