Belə hallarla son çox tez-tez rastlaşırıq. Bəs görəsən, avtomobillərin idarəetmədən çıxmasına əsas səbəb nədir? Təbii ki, bunun bir çox səbəbləri var! Və həmişə də nədənsə, elə bu səbəblər üzündən avtomobillərin idarəetmədən çıxması nəticəsində ağır qəzalar baş verir, ölüm və ağır xəsarət alma halları olur.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı polis baş leytenantı Elvin Hacıyev deyir ki, nəqliyyat vasitələrinin idarəetmədən çıxmasının bir neçə səbəbləri var.Bu səbəblər bunlardır; sürücünün sükan arxasında yuxulaması, nəqliyyat vasitələrinin texniki nasazlığı, yüksək sürət, sərt döngələrdə sürət həddinə əməl edilməməsi. Aydındır ki, belə vəziyyətlərdə qəzalar qaçılmaz olur.
Çünki idarəetmədən çıxan avtomobil ya dərəyə yuvarlanır, ya su kanalına düşür, ya da ağaca çırpırır! Belə qəzalarda heç şübhəsiz ki, ölüm və ağır xəsarət alma halları olur. Ona görə də, bir daha sürücülərə tövsiyə edirik ki, sükan arxasında diqqətli olsunlar, yol hərəkəti qaydalarına əməl etsinlər və avtomobillərin texniki sazlığına diqqət yetirsinlər! Xüsusilə də, qarlı, buz bağlamış yollarda mövcud qaydalara əməl etmək vacib şərtlərdəndir. Bir sözlə, əgər təhlükəsiz mənzil başına çatmaq istəyirsinizsə, tövsiyələrimizə əməl edin!!!
Emil FAİQOĞLU