EN

Azərbaycan gəncləri göstərilən etimadı layiqincə doğruldurlar

Tarix sübut edir ki, hər bir dövlətin və ya cəmiyyətin sabahı müxtəlif sosial-iqtisadi amillərlə bərabər, gənc nəslin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Bu gün sağlam, o cümlədən, milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşan gənclik etibarlı gələcək və güclü təməllərə söykənən cəmiyyət deməkdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti göstərir ki, bu reallıq Azərbaycanda düzgün dəyərləndirilir, gənclərlə bağlı çağırışlar uğurla həyata vəsiqə alır. 

Qeyd etmək lazımdır ki, xalqımızın Ulu Öndəri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə gənclərlə bağlı məsələləri xüsusi diqqət mərkəzində saxlamışdır. Vaxtilə gənclərin oxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi, Bakıda C.Naxçıvanski adına hərbi təmayüllü məktəbin açılması Heydər Əliyevin gənc nəslin inkişafına və Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətinin göstəricisi idi.

1993-cü ildə respublikamıza rəhbərliyə başladıqdan sonra da Ulu Öndərin həyata keçirdiyi ilk tədbirlərdən biri gənclər sahəsində yeni dövlət siyasətinin müəyyən olunması, gənclərlə iş sahəsində əvvəlki hakimiyyətlərin buraxdıqları kobud səhvlərin nəticələrinin aradan qaldırılması oldu. Heydər Əliyevin 1993-cü ilin sentyabrında gənclərlə görüş keçirməsi, 1994-cü ilin iyul ayında Gənclər və İdman Nazirliyinin yaradılması göstərirdi ki, Ulu Öndər gənclərlə iş məsələlərini xüsusi diqqət mərkəzində saxlayır. Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də Azərbaycan gənclərinin I Forumunun keçirilməsi respublikamızın siyasi-ictimai tarixində yaddaqalan hadisə oldu. Ulu Öndərin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncama əsasən Azərbaycan gənclərinin I forumunun keçirildiyi tarix – fevral ayının 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd edilməsinə başlanılıb.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin göstəricisi kimi gəncliyin sağlam ruhda formalaşması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirildi, bu sahədə mükəmməl hüquqi baza yaradıldı. O cümlədən, gənclər məsul vəzifələrdə irəli çəkildilər, onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradıldı. Bu siyasətin nəticəsi kimi idmançılarımız da beynəlxalq yarışlarda uğurlara imza atdılar.

Heydər Əliyev siyasi kursun davamçısı kimi cənab Prezident İlham Əliyev də öz fəaliyyətində gənclərlə bağlı məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Ötən 22 ilin reallıqları, görülən işlər göstərir ki, Prezident İlham Əliyev gənclər siyasətini yeni keyfiyyət mərhələsinə yüksəldib. Mühüm məqamlardan biri də budur ki, dövlət gənclər siyasəti sürətlə dəyişən və inkişaf edən bir şəraitdə ən müasir çağırışları özündə ehtiva edir. Ötən dövrdə həyata keçirilən tədbirlərə nəzər salsaq, dövlət gənclər siyasətinin nə qədər zəngin, əhatəli və çoxməzmunlu olduğunu görə bilərik. Belə ki, gənclər sahəsində, habelə, gənclərin xaricdə təhsili ilə bağlı ardıcıl şəkildə dövlət proqramlarının qəbul edilməsi, 2007-ci ilin "Gənclər ili" elan olunması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata keçirilməsi, gənc ailələrin sosial qayğılarının həlli ilə bağlı tədbirlərin görülməsi, şəhər və rayonlarda «Gənclər Evi»nin yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, Azərbaycan Respublikasının Gənclər Fondunun təsis olunması, gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş” müsabiqəsinin keçirilməsi dövlət gənclər siyasətinin nə qədər əhatəli olduğunu göstərir. Bütün bunların nəticəsi kimi gənclərin təhsilində, məşğulluqlarının təmin olunmasında, bütövlükdə, gəncliyin özünü təsdiq etməsində pozitiv dəyişikliklər baş verib.

Azərbaycan gəncliyi həm də vətənpərvərdir, dövlətə və dövlətçiliyə sıx bağlıdır. Biz bunun ən böyük nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Ordumuzun şəxsi heyəti ilə yanaşı, könüllü şəkildə müharibəyə getmək üçün müraciət edənlərin mütləq əksəriyyəti məhz gənclər idilər. Bu gənclər heç Qarabağı görməmişdilər, lakin dövlətimizin gənclər siyasəti və milli-mənəvi dəyərlərə son dərəcə bağlılıq onları vətənpərvərlik ruhunda formalaşdırmışdı. Bu mənada Vətən müharibəsi və antiterror tədbirləri gənclərimizin ən yüksək milli keyfiyyətlərin daşıyıcısı olduqlarını nümayiş etdirdi. Onlar torpaqlarımızın azadlığı yolunda qəhrəmanlıqlar göstərdilər, dastanlar yazdılar, şəhidlik zirvəsinə ucaldılar.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda xüsusi vurğulayıb:

“Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.”

2 Fevral Azərbaycan Gəncləri Günündə biz şəhid gənclərimizi də ehtiramla anır, onlara rəhmət diləyirik.

Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə də çox fəal oldular. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək, həqiqətlərlə bağlı paylaşılan məlumatların təsirliliyinə nail oldular.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev demişdi:

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Məlumdur ki, özünü müxalifət hesab edən, lakin sivil müxalifətçilikdən uzaq olan, əslində isə, öz əməlləri ilə dövlətə və xalqa müxalif olan antimilli qruplaşmalar öz məkrli fəaliyyətlərinə zaman-zaman gəncləri də alət etməyə çalışıblar. O cümlədən, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu və inkişafını istəməyən antiazərbaycançı dairələr respublikamıza qarşı apardıqları qarayaxma kampaniyalarında gənclərdən də istifadə etmək üçün müxtəlif cəhdlər göstəriblər. Lakin bütün hallarda onların gəncliyin potensialından Azərbaycan dövlətinə qarşı istifadə etmək niyyətləri iflasa uğrayıb. Gənclərimiz hər zaman dövlətə və xalqa sədaqət nümayiş etdirməklə yanaşı, həm özünü müxalifətçi hesab edən qaragüruhçu qruplaşmanın, həm də antiazərbaycançı şəbəkənin əməllərinin ifşa edilməsində fəallıq göstəriblər, onlara qarşı mübarizənin önündə gediblər. Bütün bunlar ondan xəbər verir ki, gənclər öz fəaliyyətlərində Ulu Öndərin tövsiyyələrini rəhbər tutur və hər zaman cənab Prezident İlham Əliyevin ətrafında sıx səfərbərdirlər.

Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə və inkişafına geniş imkanlar yaradıb. Bütün bunları layiqincə dəyərləndirən gənclərimiz isə onlara göstərilən etimadı öz əməlləri ilə uğurla doğruldurlar.

Xanlar Fətiyev

Milli Məclisin deputatı

Chosen
3
3
missiya.az

4Sources