
ABŞ Ədliyyə Nazirliyi pedofiliya cinayətlərində ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin açıqlanması çərçivəsində onlarla redaktə olunmamış çılpaq fotonu ictimaiyyətə təqdim edib.
AFN.az xəbər verir ki, bu haqda "The New York Times" nəşri məlumat yayıb. Nazirliyin arxivindən çıxan təxminən 40 şəkildən ibarət kolleksiyada əks olunan şəxslərin kimliyini müəyyən etmək mümkündür.
Nəşrin araşdırmasına görə, fotolardakı insanların çox gənc göründüyü, lakin onların yetkinlik yaşına çatıb-çatmadığını vizual olaraq dəqiq müəyyən etmək çətindir. Şəkillərin bir hissəsinin Epşteynə məxsus özəl adadakı çimərlikdə, digərlərinin isə yataq otaqları və digər şəxsi məkanlarda çəkildiyi bildirilir. Fakt ictimailəşdikdən sonra Ədliyyə Nazirliyi həmin fotoların böyük hissəsini açıq girişdən götürüb və ya redaktə edərək təkrar yerləşdirib.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin iyulunda azyaşlıların cinsi istismarında ittiham olunaraq həbs edilib. İstintaq məlumatlarına görə, o, 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla azyaşlı qızın səfərini təşkil edib. Epşteynin yaxın çevrəsində Bill Klinton və Donald Tramp kimi sabiq və hazırkı dövlət başçıları, həmçinin tanınmış iş adamları və ulduzlar yer alıb. Maliyyəçinin 2019-cu ilin avqustunda həbsxanada intihar etməsindən sonra cinayət işinə xitam verilsə də, onun əlaqələri ilə bağlı araşdırmalar hələ də davam edir.