Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalayıb.
Yenilik.az xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı işdən çıxarılmasının əsl səbəbini öyrənmək üçün S.Mikayılovla əlaqə saxlayıb.
O, “Vəzifədən azad olunacağınızı gözləyirdinizmi? Bunu necə qiymətləndirirsiniz?” sualına belə cavab verib:
“Bir az başım qarışıqdır. Xahiş edirəm, sonra danışarıq. Bilirəm ki, nə ilə bağlı suallar verəcəksiniz. Amma danışmaq istəmirəm”.
Keçmiş başçı söhbəti bununla yekunlaşdırıb.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.