EN

Starmer Britaniyanın Aİ-nin müdafiə fonduna qoşulmasını dəstəkləyib

BAKI, 2 fevral. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer ölkəsinin Avropa İttifaqının Security Action for Europe (SAFE) adlı müdafiə fonduna çıxışı ilə bağlı daha əvvəl nəticəsiz qalan danışıqların bərpasının tərəfdarı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, "The Times" qəzetinin yazdığına görə, Starmer Avropanın müdafiə sahəsində daha fəal rol oynamasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təkcə ABŞ Prezidenti Donald Tramp deyil, digər dünya liderləri də Avropanın bu sahədə daha çox məsuliyyət daşımalı olduğu qənaətindədirlər.

Baş nazir qeyd edib ki, xərclər, imkanlar və əməkdaşlıq məsələlərində Avropa ölkələrinin birgə şəkildə daha çox iş görməsi zəruridir. Bu baxımdan SAFE kimi mexanizmlərin və digər formatların nəzərdən keçirilməsinin mümkün olduğunu deyib.

Kir Starmer Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq istiqamətində müəyyən irəliləyiş əldə olunacağına ümid etdiyini də bildirib.

Xatırladaq ki, 2025-ci ilin noyabrında "Bloomberg" agentliyi mənbələrə istinadla Londonun SAFE fonduna qoşulması ilə bağlı danışıqların maliyyə töhfəsi məsələsində tərəflərin razılığa gələ bilməməsi səbəbindən uğursuzluqla nəticələndiyini yazmışdı.

Bundan əvvəl "Financial Times" qəzeti Aİ-nin Böyük Britaniyadan SAFE fonduna çıxış üçün tələb etdiyi ödəniş məbləğini əhəmiyyətli dərəcədə azaltdığını bildirmişdi. Məlumata görə, Brüssel təxminən 140 milyard avro həcmində olan fonda çıxış üçün Londondan 2 milyard avro ödəməsini gözləyirdi. İlkin mərhələdə bu məbləğ 6,7 milyard avro idi.

Böyük Britaniyanın müdafiə naziri Con Hili isə 2025-ci il noyabrın 19-da ölkəsinin Aİ-nin müdafiə fondunun bir hissəsi olmaq istədiyini, lakin bunun “istənilən qiymətə” baş verməyəcəyini bəyan etmişdi.

Chosen
18
teleqraf.com

1Sources