EN

Tünzalə Abduləlimova: Gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda formalaşması əsas prioritetdir

2 Fevral – Gənclər Günü münasibətilə ünvanlanan bu suala cavab olaraq qeyd etmək istərdim ki, son illər Azərbaycanda gənclərin inkişafı üçün yaradılan imkanlar sistemli və çoxşaxəli xarakter daşıyır. Dövlət gənclər siyasətinin əsas prioritetləri çərçivəsində gənclərin təhsil, elm, mədəniyyət, idman, məşğulluq və ictimai fəallıq sahələrində potensialının reallaşdırılması üçün geniş institusional baza formalaşdırılmışdır. Bu istiqamətdə həyata keçirilən proqramlar gənclərin intellektual, mənəvi və sosial inkişafına xidmət etməklə yanaşı, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsini hədəfləyir.

Bu fikirləri “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, müasir dövrdə uğurlu gəncin əsas xüsusiyyətləri sırasında yüksək intellektual səviyyə, təşəbbüskarlıq, davamlı özünüinkişaf bacarığı, sosial məsuliyyət hissi və milli kimliyə bağlılıq xüsusi yer tutur. Uğurlu gənc yalnız şəxsi nailiyyətlər əldə edən deyil, eyni zamanda cəmiyyətin inkişafına töhfə verməyi özünün mənəvi borcu hesab edən fərddir. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi yaddaşa və milli dəyərlərə hörmət ruhunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir:

"Rəhbərlik etdiyim “Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi olaraq gənclərin, xüsusilə şəhid övladlarının hərtərəfli inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişik və bu sahədə çoxsaylı layihələr icra etmişik. Birliyin fəaliyyəti çərçivəsində şəhid övladları üçün peşəkar mütəxəssislər tərəfindən psixoloji konsultasiyalar və davamlı psixoloji dəstək proqramları həyata keçirilir. Bu tədbirlər uşaqların və gənclərin psixoloji dayanıqlığının artırılmasına, sosial adaptasiyasına və sağlam şəxsiyyət kimi formalaşmasına xidmət edir. Eyni zamanda, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif maarifləndirici, mədəni və sosial tədbirlər təşkil olunur. Vaxtaşırı ümumtəhsil məktəblərində görüşlər keçirilir, bu görüşlər zamanı gənclərlə açıq dialoq mühiti yaradılır, onların sualları cavablandırılır və həyat təcrübələri paylaşılır. Xüsusilə gənclər arasında vətənpərvərlik ruhunun aşılanması istiqamətində təlimlər, seminarlar və ideoloji-maarifləndirici tədbirlər təşkil edilir ki, bu da onların milli şüurunun formalaşmasına və vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir".

QHT sədri əminliklə qeyd edib ki, gənclərin inkişafına yönəlmiş bu cür kompleks və məqsədyönlü fəaliyyətlər həm fərdi, həm də ictimai səviyyədə müsbət nəticələr verir. Gənclərə yaradılan imkanların səmərəli dəyərləndirilməsi və ictimai institutların bu prosesdə fəal iştirakı gələcəkdə daha güclü, müstəqil və milli dəyərlərə sadiq cəmiyyətin formalaşmasının əsas təminatıdır.

 

Pərvanə Fərhadqızı

Chosen
47
qht.az

1Sources