EN

ƏSMİD İctimai Birliyinin fəaliyyətə başlamasından 9 il ötür

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin fəaliyyətə başlamasından 9 il ötür.

QHT.az xəbər verir ki, bu barədə "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, təşkilatın yaranmasının ilk dövrlərində cəmi 15 üzvü olsa da, hazırda 300-dən çox yararlanan üzvü ilə fəaliyyətini uğurla davam etdirir. ƏSMİD İctimai Birliyi yarandığı gündən etibarən əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası, onların hüquqlarının müdafiəsi, sosial həyata fəal şəkildə qoşulması istiqamətində mühüm layihələr həyata keçirib:

"Təşkilatın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətin kənarında deyil, mərkəzində yer almasını təmin etməkdir. Bu məqsədlə son 9 il ərzində təlimlər, sosial layihələr, maarifləndirmə tədbirləri və ictimai təşəbbüslər təşkil olunub. Həyata keçirilən fəaliyyətlər nəticəsində yüzlərlə insan sosial həyata inteqrasiya olunub, öz hüquqları barədə məlumatlandırılıb və özünə inam qazanıb. Bu illər ərzində təşkilat bir sıra çətinliklərlə üzləşsə də, qarşıya qoyulan məqsədlərdən geri çəkilməyib. ƏSMİD İctimai Birliyi sosial ədalətin yalnız sözlə deyil, əməli fəaliyyətlə təmin olunmasının vacibliyini əsas prinsip kimi qəbul edir".

QHT sədri həmçinin bildirib ki, təşkilat rəhbərliyi yubiley münasibətilə üzvlərə, tərəfdaşlara, könüllülərə və dəstək göstərən bütün şəxslərə təşəkkürünü bildirib:

"Bu uğur təkcə təşkilatın deyil, birlikdə inanıb çalışan hər kəsin uğurudur. İnanıram ki, qarşıdakı illərdə daha böyük layihələrə imza atacaq, daha çox insanın həyatında müsbət dəyişiklik yaradacağıq. Yolumuz uzun, məqsədimiz aydındır. 9 yaşımız mübarək! Daha güclü, daha əhatəli və daha ədalətli bir cəmiyyət üçün yolumuza davam edirik. Yeni yaşımız mübarək".

 

QHT.az kollektivi olaraq “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyini fəaliyyətinin 9 illiyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Chosen
34
qht.az

1Sources