EN

Le Monde: Çin və Rusiya münasibətləri bu il yeni mərhələyə yüksələ bilər...

Pekində keçirilən görüşdə Van İ Moskvanı strateji koordinasiyanı dərinləşdirməyə çağırıb...

Çinin xarici işlər naziri Van İ Pekində Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı Çin–Rusiya münasibətlərinin bu il “yeni səviyyəyə qalxa biləcəyini” bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti Çin XİN-in yaydığı məlumata istinadla yazıb.

Nazirin sözlərinə görə, qlobal miqyasda artan qeyri-sabitlik və geosiyasi gərginlik fonunda Pekin və Moskva çoxtərəfliliyin müdafiəsi istiqamətində birgə fəaliyyət göstərməlidir. Van İ vurğulayıb ki, Çin və Rusiya “turbulentlik dövründə” beynəlxalq sistemdə tarazlığın qorunması və daha ədalətli, nizamlı çoxqütblü dünya modelinin formalaşmasına töhfə vermək üçün əməkdaşlığı gücləndirməlidir.

Van İ həmçinin bildirib ki, Pekin Moskva ilə strateji koordinasiyanın daha da dərinləşdirilməsinə hazırdır və yeni ildə Çin–Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə çıxarılmasını hədəfləyir. Van İ-nin sözlərinə görə, bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda regional və qlobal təhlükəsizlik məsələlərinə də təsir göstərir.

Görüş zamanı tərəflər beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri, Qərbin sanksiya siyasətini, Asiya-Sakit okean regionunda və Avrasiya məkanında təhlükəsizlik çağırışlarını da müzakirə ediblər. Rəsmi Pekin Çin–Rusiya əlaqələrini sabitləşdirici amil kimi qiymətləndirərək, bu tərəfdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını bir daha önə çəkib.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources