EN

Rusiyanın enerji gəlirləri 2026-cı ildə büdcənin cəmi 22%-ni təşkil edəcək

Almaniya hökuməti hesab edir ki, müharibənin davamı Rusiya iqtisadiyyatını daha həssas vəziyyətə salır...

Poliqon Bild nəşrinə istinadən xəbər verir ki, Almaniya hökumətinin daxili analitik qeydinə əsasən, Rusiyanın 2026-cı ildə enerji resurslarından əldə edəcəyi gəlirlər dövlət büdcəsinə daxilolmaların yalnız 22%-ni təşkil edə bilər. Bu barədə Almaniyanın Bild nəşri sənədlə tanış olduqdan sonra məlumat yayıb.

Sənəddə vurğulanır ki, Rusiya iqtisadiyyatında mənfi tendensiyalar getdikcə güclənir. Bununla belə, analitik qiymətləndirmədə iqtisadiyyatın tam çöküşündən söhbət getmədiyi bildirilir. Lakin müharibənin davam etməsi ölkə iqtisadiyyatını daha həssas və riskli vəziyyətə salır.

Qeyd olunur ki, ən çox zərər görən sahə Rusiyanın əsas gəlir mənbələrindən biri sayılan neft ixracıdır. Dünya bazarında qiymətlərin enməsi və sanksiyaların təsiri nəticəsində enerji resurslarından daxilolmalar kəskin şəkildə azalıb.

Almaniya tərəfinin proqnozuna görə, enerji gəlirlərinin payı əvvəlki illərdəki 40–50% səviyyəsindən aşağı düşərək 2026-cı ildə büdcə daxilolmalarında təxminən 22% ola bilər. Bu azalma Rusiya büdcəsinin maliyyə dayanıqlığına ciddi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.

Sənəddə eyni zamanda qeyd edilir ki, Rusiya büdcəsi faktiki olaraq müharibə büdcəsinə çevrilib. Belə ki, dövlət xərclərinin təxminən 40%-i təhlükəsizlik və müdafiə istiqamətinə yönəldilir. Bu isə sosial və iqtisadi sahələrə ayrılan vəsaitlərin məhdudlaşmasına səbəb ola bilər.

Analitik qeyddə Rusiyanın Ehtiyat Fondunun da azalması diqqətə çatdırılır. Məlumata görə, fondun həcmi təxminən 42 milyard avro səviyyəsinə düşüb ki, bu da müharibənin başlanğıcı ilə müqayisədə demək olar iki dəfə azdır. Berlinin qiymətləndirməsinə görə, mövcud tendensiya davam edərsə, ehtiyat fondunun vəsaiti bir il ərzində tükənə bilər.

Bununla yanaşı, sənəddə Rusiyanın xarici iqtisadi asılılığının artdığı da vurğulanır. Xüsusilə, Rusiya getdikcə daha çox Çindən asılı vəziyyətə düşür. Almaniyanın hesablamalarına görə, Rusiyanın hərbi sənayesi üçün kritik əhəmiyyət daşıyan malların 87%-ə qədəri məhz Çindən tədarük olunur.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources