EN

Daily Mail: Epşteynin “seks imperiyası” KQB-nin “bal” tələsi olub

Britaniya kəşfiyyatındakı mənbələr iddia edir ki, rusiyalı qızlar dünya şöhrətli şəxslərdən kompromat toplamaq üçün xüsusi olaraq gətirilib...

Cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynin yaratdığı genişmiqyaslı şəbəkə əslində Sovet İttifaqının varisi sayılan Rusiya xüsusi xidmət orqanlarının maraqlarına xidmət edən “bal tələsi” əməliyyatı olub.

Poliqon xəbər verir ki, bu iddia ilə Britaniyanın “Daily Mail” tabloidi çıxış edib. Nəşr yazır ki, Britaniya kəşfiyyatındakı mənbələrə görə, rusiyalı gənc qadınlar qəsdən Epşteynin mülkünə gətirilir, məqsəd isə dünya miqyasında tanınmış və nüfuzlu şəxslər barədə kompromat materiallar toplamaq olub.

Məqalədə bildirilir ki, seksual cinayətlərə dair üç milyondan çox yeni sənədin dərc edilməsi təhlükəsizlik orqanlarının yüksək vəzifəli əməkdaşlarının illərdir səsləndirdiyi şübhələri gücləndirib. Həmin şəxslərin fikrincə, Epşteyn bəzi dünyanın ən təsirli adamları üçün görüşlər təşkil edərkən Moskvanın maraqları naminə hərəkət edib.

Amerika təhlükəsizlik qurumlarındakı mənbələr də hesab edir ki, Epşteynin Rusiya mütəşəkkil cinayətkar qrupları ilə uzunmüddətli əlaqələri olub və bu qruplar onu şantaj edə biliblər. Bu amil Epşteynin Rusiyadan “qızları” təyyarə ilə asanlıqla gətirə bilməsini də izah edə bilər. Nəşrin yazdığına görə, bu proseslər illər boyu demək olar ki, maneəsiz şəkildə davam edib.

“Şahzadə Endryu, Bill Qeyts, Donald Tramp, Bill Klinton və digərləri yüksək texnologiyalarla təchiz olunmuş bir adada kompromat xarakterli vəziyyətlərə salınıblar. Bu, dünyanın indiyə qədər gördüyü ən böyük ‘bal tələsi’ əməliyyatıdır”, – deyə nəşrin mənbəsi bildirib.

“Daily Mail” xatırladır ki, 2021-ci ildə araşdırmaçı jurnalist Kreyq Unqerin kitabında da oxşar iddialar yer almışdı. Unqer yazırdı ki, Epşteyn rusiyalı sutenerlərə güvənib və həmin şəxslər ona gənc qadınlar təmin ediblər. Jurnalistin fikrincə, KQB-nin varisi olan FSB Epşteynin məşhur dostları və bu qızlarla bağlı çəkdiyi iddia olunan çoxsaylı videoyazılardan kompromat kimi istifadə edə bilərdi.

Nəşr vurğulayır ki, bu iddialar hələlik rəsmi şəkildə sübuta yetirilməsə də, yeni sənədlərin açıqlanması Epşteyn işinin təkcə cinayət yox, həm də mümkün beynəlxalq kəşfiyyat əməliyyatı aspektindən yenidən araşdırılmasına təkan verə bilər.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources