EN

Gəncə: Ağsaqqallar gəncləri təbrik etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Ağsaqqallar Şurasının və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdəti güclü dövlətin və sağlam cəmiyyətin təminatıdır” mövzusunda regional konfrans təşkil olunub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Liderin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov gənclərin dövlətçilik ənənələrinə sədaqət ruhunda formalaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsində ağsaqqalların həyat təcrübəsi və tövsiyələrinin mühüm rol oynadığını qeyd edib.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov ağsaqqallıq institutunun milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində əhəmiyyətindən ətraflı danışıb.

Konfransda həmçinin ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov və digər çıxışçılar gənclərin ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs ediblər.

Tədbirin sonunda Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov konfransın qəbul etdiyi Bəyannaməni iştirakçıların diqqətinə çatdırıb.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri


 

Chosen
14
1
xalqqazeti.az

2Sources