EN

Gürcüstanda Dövlət Təhlükəsizlik Akademiyası yaradılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Təlim Mərkəzi Dövlət Təhlükəsizlik Akademiyası kimi yenidən formalaşdırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Akademiyanın yaydığı rəsmi məlumatda bildirilir.

Açıqlamaya əsasən, Akademiyanın yaradılması dövlət təhlükəsizliyi sahəsində sistemli islahatların tərkib hissəsi olmaqla yanaşı, mühüm institusional yenilik kimi qiymətləndirilir. Yeni qurumun əsas məqsədi təhlükəsizlik sahəsində yüksək ixtisaslı, nəzəri və praktiki biliklərə malik mütəxəssislərin hazırlanmasıdır.

Məlumata görə, Dövlət Təhlükəsizlik Akademiyasına ali təhsil müəssisəsi statusu veriləcək və burada dövlət təhlükəsizliyi üzrə birillik magistr proqramı tətbiq olunacaq. Proqram çərçivəsində həm milli və beynəlxalq təhlükəsizlik mövzularını əhatə edən təlim kursları, həm də fiziki hazırlıq, taktiki hazırlıq, atəş hazırlığı və psixoloji hazırlıq üzrə xüsusi fənlər tədris ediləcək.

Qeyd olunur ki, bakalavr dərəcəsi və ya ona bərabər akademik dərəcəsi olan şəxslər ümumi magistratura imtahanlarının nəticələrinə və Akademiya tərəfindən keçirilən daxili imtahana əsasən magistr proqramında təhsil almaq hüququ əldə edə biləcəklər. Təhsil tamamilə ödənişsiz olacaq.

Bununla yanaşı, Dövlət Təhlükəsizlik Akademiyasına peşəkar biliklərin dərinləşdirilməsi və praktiki bacarıqların inkişaf etdirilməsinə yönəlmiş xüsusi peşəkar təhsil proqramlarını həyata keçirmək səlahiyyəti də verilib.

Rəsmi Tbilisi bu addımı Gürcüstanda dövlət təhlükəsizliyi sisteminin gücləndirilməsi və kadr hazırlığının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirir.

Chosen
28
2
far.az

3Sources