EN

Qərbi Azərbaycan Xronikası: Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Buraxılışda araşdırmaçı fotoqraf Mirnaib Həsənoğlu Azərbaycanın İrəvan, Gəncə, Şəki, Təbriz silah məktəbləri, türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi haqqında danışıb.

O bildirib ki, ta qədimdən Azərbaycan və türk silah məktəbləri olub. O zamanlar silah türk döyüşçünün sürətinə uyğun seçilirdi. Türk döyüş fəlsəfəsində ağır zireh yox, çeviklik birinci idi.

M.Həsənoğlu döyüş baltaları və əyri qılıncların gizli fəlsəfəsi, atın ayaqlarını kəsmək üçün hazırlanmış xəncərlər, döyüşçülərin 10 kiloqramlıq zirehi necə daşımasından söz açıb, eləcə də ox və odlu silahların döyüş taktikasını dəyişməsi, hər kişinin belində xəncərin olması və s. məsələlərə aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Chosen
24
2
far.az

10Sources