“Apple” süni intellektə əsaslanan səs texnologiyası üzrə fəaliyyət göstərən “Q.ai” startapını 2 milyard dollar qarşılığında alıb. Bu, şirkətin tarixində həyata keçirilən ikinci ən böyük satınalmadır.Valyuta.az xəbər verir ki, 2014‑cü ildə “Apple” “Beats” şirkətini 3 milyard dollara alaraq indiyədək ən böyük satınalmanı etmişdi.İndi süni intellekt səs texnologiyaları üzrə ixtisaslaşmış “Q.ai”ın alınması ilə bu reytinqə ikinci böyük müqavilə əlavə olunub. Rəsmi razılaşma detalları açıqlanmasa da, “Financial Times”ın məlumatına görə, sövdələşmə dəyəri 2 milyard dollar səviyyəsindədir.“Q.ai” optik sensor texnologiyaları üzrə patentlərə malikdir. Bu texnologiya qulaqcıq və ya ağıllı eynəklər kimi cihazlara inteqrasiya oluna bilər və üz dərisindəki mikro hərəkətləri tanımaqla süni intellekt asistenti ilə sözsüz ünsiyyətə imkan yaradır. Şirkət ötən il üz dərisinin mikro hərəkətlərindən istifadə edərək deyilən və ya deyilməkdə olan sözləri müəyyənləşdirmək, istifadəçini tanımaq və emosiyalarını, ürək döyüntüsünü, nəfəs sürətini və digər göstəriciləri analiz etmək üçün patent müraciəti etmişdi.Məlumata görə, “Q.ai”ın təsisçiləri – baş direktor Aviad Mayzels, Yonatan Veksler və Avi Barliya, eləcə də 100 əməkdaşı ilə birlikdə “Apple” komandasında fəaliyyət göstərəcəklər. Mayzels “Apple”da işləməyin yaradılmış texnologiyanın tam potensialını reallaşdırmaq üçün geniş imkanlar təqdim etdiyini vurğulayıb.


